«Satıcı tələb olunur». Bakının müxtəlif küçə və meydanlarında divarlarda, mağaza və ofislərin qapılarında bu kimi elanlara tez-tez rast gəlinir. Amma bu elanlar təkcə «satıcı tələb olunur» cümləsindən ibarət deyil. Bu elanlar çox çeşidlidi. Məsələn, bəzi elanlarda göstərilir ki, ancaq 18-25 yaş arası, yaxşı xarici görkəmi olan qızlar işə dəvət edilir. Bu elanlarda təcrübə, təhsil, hansısa dili bilmə və s. bacarıq və keyfiyyətlər tələb olunmur. Elə həmsöhbətim olan Lalə xanım da ana dilindən başqa, daha iki-üç xarici dil bilməsinə baxmayaraq normal maaşlı iş tapa bilmir. Deyir, hara gedirsə bu kimi ayrı-seçkiliklə üzləşir:
«Mən ali təhsilli qadınam, rus və ingilis dilini bilirəm, onlara savad lazımdı, yoxsa gözəllik, qoy onu qeyd etsinlər».
Lalə xanım deyir ki, yaş və gözəlliklə bağlı qoyulan tələblər ona işsizlik baryerini aşmağa imkan vermir.
Hətta bəzi yerlərdə gözəllik yarışması keçirilmiş kimi işə götürülənin əl-ayağının düzlüyünə, gözünün rənginə, saçının düzümünə və s. belə çox ciddi fikir verilir.
İşçi tələb olunan bir telefon mağazasında isə cinsi ayrı-seçkilik olmasa da, yaşla bağlı məhdudiyyətlər var. Bu mağazada da 18-25 yaşı olan gənclər işə götürülür.
Telefon mağazasının yeni işçisi Vüqarsa deyir ki, hələ ki, bu işindən peşiman deyil. O, həm də hesab edir ki, divarlara vurulan elanlar daha praktikdi. Deyir, elanı oxuyub maraqlanırsan, xoşlarına gəlirsənsə bir neçə günlük sınaq müddətilə işə götürürlər. Vüqar deyir ki, indiki iş onu qane etsə də, yenə də iş axtarışındadı. Bir qədər fərqli maaşı olan iş tapsa, burdan da gedəcək.
Metronun «Nizami» stansiyasının yaxınlığında kaset satılan mağazanın qapısına da satıcı qız tələb olunmasıyla bağlı elan vurulub. Mağazada çalışanlarla söhbətdən məlum oldu ki, müdir işlə bağlı müraciət edənləri axşam saat 20-dən sonra qəbul edir. Niyə axşam saat 20-dən sonra? Bu sualın cavabı belə oldu ki, müdir yalnız saat 20-dən sonra boş olur.
Bakının Cəfər Cabbarlı küçəsində divarları kif basmış bir yeməkxanada da çox ciddi keyfiyyətlər tələb olunan gənc qadın aşpaz axtarılır. Bir gününə 10 manat təklif olunur. Özü də heç bir müqavilə bağlanmadan. İşçi axtaran ofis, mağaza və yeməkxanaların heç birində işçinin xeyrinə olan bir şey tapa bilmədim. Burda istirahət günüylə bağlı da ciddi nöqsanlar var. Məsələn, həmin iş yerlərinin çoxunun «menyu»sunda istirahət günü yoxdu. Bəzilərində isə işçiyə ayda iki gün istirahət verilir.
Məhlələrindəki kafenin qapısına ofisiant qız və xadimə tələb olunmasıyla bağlı çoxdan bəri elan vurulduğunu deyən Zülfüqar Kərimov isə bildirir ki, iş dalınca həmin kafeyə gələnlərin əksəriyyətilə söhbətləşib. Məlum olub ki, onlara təklif olunan maaş çox aşağıdı: «Bu pulla diş pastası, ayaqqabı kremi almaq olar, başqa bir şey yox».
İşçi axtaran mağaza, firma və ofislərlə bağlı iki saata yaxın gəzdiyim müddətdə yalnız bir mağazada yaşın, cinsin və gözəlliyin əsas olmadığıyla qarşılaşdım. Qapıya vurulan elanda da başqalarından fərqli olaraq «işçi tələb olunur» elanı yazılmışdı.
Əməkçilərin Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, işlə bağlı əsas tələblər savad və bacarıqdı, qalan məsələlərin hamısı açıq-aşkar diskriminasiya hesab olunur: «Əsas odur ki, işçinin sağlamlığı, təhsili və iş təcrübəsi tələb edilən işə uyğun olsun, qalan məsələlər ikinci planda olmalıdı».
Sahib Məmmədov deyir ki, bu kimi işə qəbullar qanun pozuntusundan başqa bir şey deyil.