Bakıda 1 milyondan artıq insan qeydiyyatsız yaşayır

Bütün vətəndaşlar yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşməlidir

Qeyri-rəsmi rəqəmlərə görə, təkcə Bakıda 1 milyondan artıq insan qeydiyyatsız yaşayır. Bunların bəziləri rayonlardan paytaxta iş arxasınca gələnlər, digərləri isə Bakıda qeydiyyatsız işləyib-yaşayan əcnəbilərdir.


«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının qanununa görə, bütün vətəndaşlar, istər əcnəbi olsun, istərsə də vətəndaşlığı olmayan şəxs - hamı yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşməlidir. Qeydiyyat - Azərbaycan vətəndaşları üçün ən geci 10 gün, əcnəbilər üçün isə 3 gün ərzində aparılmalıdır.


Amma Miqrantlara Hüquqi Yardım Mərkəzinin məlumatına görə, Azərbaycanda qeydiyyatsız yaşayanların əksəriyyəti rayon sakinləridir. Mərkəzin sədri Əlövsət Əliyev deyir ki, onların bir qismi rayonlarda yaşayış yerlərindən məhrum edilən, məhkəmənin hökmü ilə qeydiyyatdan çıxarılan, bir qismi isə hələ də keçmiş SSRİ pasportu ilə yaşayanlardır:


«Vətəndaş Bakıya gəlir, kiminsə evində yaşayır. Amma o, kirayə müqaviləsi bağlamır. Kirayə müqaviləsinin bağlanması kirayə verən ev sahibinə və vətəndaşa sərf etmir. Çünki evini kirayə verən şəxs mütləq dövlət rüsumu ödəməlidir. Beləliklə, vətəndaş Bakı şəhərində qeydiyyatsız yaşamağa başlayır».


Qeydiyyat məsələsi niyə bu qədər vacibdir? Məsələ burasındadır ki, qeydiyyatı olmayanlar öz şəxsiyyətlərini təsdiqləmək üçün ən vacib sənədi - şəxsiyyət vəsiqəsini, ya da uşaqları doğularkən doğum haqda şəhadətnaməni ala bilmir, nəticədə sosial, tibbi və əmək hüquqları pozulur.


Məsələn, İsgəndər Həsənov danışır ki, bu il nəvəsinin 17 yaşı tamam olsa da, ona şəxsiyyət vəsiqəsi ala bilməyib. Bu səbəbdən də, məktəbi bitirən gəncin ali məktəbə sənəd verməsi mümkünsüz olub:


«Vermirlər, deyirlər onun atası-anası Rusiyada ölüb. Ölüm kağızını, sənədləri yığıb vermişik. Deyirlər, ona pasport düşmür. Bəs biz nə edək?»


1989-cu ildən Gürcüstandan gəlib Bakıda məskunlaşan Şəmistan isə deyir ki, onun 31 yaşı olsa da, hələ də şəxsiyyət vəsiqəsini ala bilməyib. Hətta ailə qurarkən də vəsiqə probleminə görə kəbin kəsdirməklə kifayətlənməli olub. İndi isə onu hərbi xidmətə çağırırlar:


«1994, 1996, 2000-ci ildə də getdim dedilər ki, sən Gürcüstan vətəndaşısan, ona görə sizin qeydiyyat mümkün deyil. Biz orada çoxdan qeydiyyatdan çıxmışıq».


Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev bildirir ki, əgər Bakıda yaşayan 1 milyon adamın qeydiyyatı yoxdursa, onun elə 50 mini Gürcüstandan gəlmiş azərbaycanlıların payına düşür. Onlar sovet pasportu ilə Azərbaycanda yaşayırlar və yaşayış yeri üzrə qeydiyyata alınmırlar. Mərkəzin sədri deyir ki, Azərbaycan bu süni maneələri yaratmaqla Gürcüstandan azərbaycanlıların axınının qarşısını almağa çalışır.


Digər tərəfdən, Əlövsət Əliyev qeydiyyat vəsiqələrinin verilməsində süründürməçilik və korrupsiyanın olduğunu deyir:


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının məlumatına görə, indi paytaxtda təxminən üç milyon yarım - dörd milyon insan yaşayır. Onların bir qismi qaçqın - məcburi köçkün, digər qismi iş axtaran rayon camaatı, başqa bir qismi isə xarici ölkə vətəndaşlarıdır.


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda rəsmi şəkildə lisenziya almış 1700 əcnəbi fəaliyyət göstərir. Amma ekspertlər əslində bu rəqəmin dəfələrlə böyük olduğunu və reallığı əks etdirmədiyini deyirlər.