Süleyman Sani Axundov. Molla Nəsrəddin Bakıda

Bir pərdəli, dord şəkilli pyes

İŞTİRAK EDƏNLƏR

M o l l a N ə s r ə d d i n.
P i n ə ç i Q a f a r.
M i r z ə F ə r ə c.
V ə l i b ə y - sabiq mülkədar bəy.
A ğ a S a l e h - zavod sahibi.
A ğ a Ş i r ə l i - burjua.
E r m ə n i k e ş i s i.
İ v a n o v a - rus qadını.
C a v a d
R ə c ə b }spekulyantlar
M i l i s i o n e r.
M e m a r - rus.
Ş a h s ə n ə m - Qafarın arvadı.
G ü l p ə r i - Mirzə Fərəcin arvadı.
Ç ö r ə k ç i.


BİRİNCİ ŞƏKİL

Səhnə bir karvansara qapısını göstərir. Qapının sağ tərəfində Mirzə Fərəc əlləri
qoynunda qəmgin oturub məktub yazdıran gözləyir. Onun qabağında bir balaca masa, üstə kağız, qələmdan və bir balaca kasa içində məktub qurulamaq üçün qum. Digər tərəfdə Pinəçi Qafar çust yamayır.

P i n ə ç i Q a f a r (oxuyur.)
Pinəçi mənəm, işləsəm mədarım keçməz mənim.
Bu qışı burada qışlamasam mədarım keçməz mənim.
(Mirzə Fərəcə) Kişi keyfin olsun! Sən də mənim kimi oxu, gül, de, danış.
M i r z ə F ə r ə c. Sənin keyfin kökdür, onun üçün də oxuyursan. Mən niyə
oxuyum? Gündəlik çörək pulumu qazana bilmirəm.

Molla Nəsrəddin daxil olur.

M o l l a N ə s r ə d d i n. Səlaməleyküm, ey bitli-sirkəli qardaşlarım! Çoxdan
bəridir sizdən xəbərim yoxdur. Gəldim, görüm ruzigarınız necə keçir?
P i n ə ç i Q a f a r. Və əleyküməssəlam, Molla əmi! Sən buraya xoş gəlmisən.
Dayan, sənin üçün bu saat bir hava da oxuyacağam. (Oxuyur.)
Molla dayı sən bura xoş gəlmisən,
Harada idin bəs niyə gec gəlmisən?
Ağaları əski haldan salmışıq,
Mülklərini əllərindən almışıq.
M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, Pinəçi Qafarın keyfi ulduza hürür. Sən
niyə gəmilərini bolşeviklər almış xozeyinlər kimi qəm dəryasına batmısan?
M i r z ə F ə r ə c. Molla dayı, Pinəçi Qafarın keyfi ulduza hürür. Kommunxoz
yoldaşın dövlətindən mən də dilənçi halına düşmüşəm. Tovariş Narkomprosun
əməlindən.
M o l l a N ə s r ə d d i n. Hə, başa düşürəm, yəqin Pinəçi Qafara amerikalı
yoldaşı kommunxozdan böyük pul çatıbdır. Onun üçün də keyfi kökdür.
P i n ə ç i Q a f a r (gulur.) Molla əmi, yoxsa badı-buduçu Məşədi
Məhəmmədəlini deyirsən?
M o l l a N ə s r ə d d i n. Hə, hə, onu deyirəm, sənin dostunu. Tiflisdə badıbudu
satardı. Səhərdən axşama kimi səsi kücələrdən kəsilməzdi. Oylə çağırardı:
badı-buduya, sibindiyya, ay badı-budu!
Gülüşürlər.
P i n ə ç i Q a f a r. Məşədi Məhəmmədəli bir yerdə oturmağı sevməzdi. Badıbudu
sata-sata, gəzməmiş şəhər qoymamışdı.
M o l l a N ə s r ə d d i n. Bir gün Məşədi Məhəmmədəli idarəyə gəlib dedi:
Molla əmi jurnalında yaz ki, badı-budu satan Məşədi Məhəmmədəli Amerikaya
badı-budu satmağa gedir. Şəklimi də çək. Məni də bərk tərif et. Yaz ki, dünyada
birinci badı-buduçudur. Hər kəs onun noğul kimi badı-budusunu yesə, ömrü uzun
olar, özü də cavanlaşar. Dedim, a lotu, kələyin nədir? Dedi: Molla əmi, xozeyin
olmaq istəyirəm. Deyirlər Amerikada adamlar çox tez pullanır. Sənin jurnalın da
dünyanın hər yerinə gedir. Qoy amerikalılar oxuyub mənim pişvazıma çıxsınlar.
Onda işim xod olar. Bir az müddətdən sonra eşidərsən ki, Məşədi Məhəmmədəli
Amerikada milyonçu olubdur.
P i n ə ç i Q a f a r. Amerikaya gedəndə mənə yazmışdı ki, səni Molla
Nəsrəddin əmiyə tapşırmışam ki, Ağa Şirəli kirayə üstə incitsə onu jurnalında
hədələsin.
M o l l a N ə s r ə d d i n. Doğru deyirsən, gedəndə tapşırmışdı. İndi de görüm,
tapmışammı? Məşədi Məhəmmədəli Amerikada kommunxoz olubdur, sənə də pul
göndəribdir.
Gülüşürlər.
M i r z ə F ə r ə c. A Molla əmi, indi tap görüm məni bu bəlaya salan tovariş
Narkompros kimdir?
M o l l a N ə s r ə d d i n. Zənnimcə Bakıda "Tovariş Narkompros" adında bir
əcnəbi şirkət əmələ gəlibdir. Savadsız adamlara məktublar yazıb ciblərini pul ilə
doldururlar. Sən yazığın da çörəyini kəsirlər.
M i r z ə F ə r ə c. Molla əmi, bəli, doğrudur. Mən zavallının çörəyin kəsən o
evi bərbad olmuş Narkomprosdur. Lakin o, şirkət deyil, məktəblərə baxan böyük
müdirdir.
M o l l a N ə s r ə d d i n. Hə, başa düşdüm. Görünür o Narkompros Bakıda
savad fabriki açıbdır. Məmməd Cəfərləri, tükəzbanları orada oxudub savadlı edir
və sənin də çörəyinə bais olur. Yaxşı iş deyil! İranda da bir zaman istədilər
dəmiryol salsınlar. Müctəhid ağa mane oldu ki, o, şeytan əməlidir. İslam övladı
gərək bu fani dünyada zillət, əziyyət, məşəqqət çəksin. Ta ki, axirətdə huri,
qılmanlara nail olsunlar.
P i n ə ç i Q a f a r. Molla əmi, kommunxoz bilirmisən nədir? Belə irəlidə
şəhərlərdə dum olardı. Yadındadırmı?
M o l l a N ə s r ə d d i n. Yaxşı yadımdadır. Xozeyinlər yığıncağı. Onlara
qlasni deyərdilər. Başda durana da qalava.
P i n ə ç i Q a f a r. Odu, odu, indi o dum işinə kommunxoz baxır.
M o l l a N ə s r ə d d i n. Qafar, yaxşı yadıma saldın. Buraya gəlincə küçələrdə
igirmi iki dəfə səcdəyə getmişəm. Oylə ayaq atmışam, başmağım çuxura düşüb
yıxılmışam. Onun qulluğuna getməliyəm. Öz aramızdır, deyəsən, bu kommunxoz
da köhnə xozeyinlər kimi işə kəm baxır.
P i n ə ç i Q a f a r. Molla əmi, o kommunxozun dövlətindən Bakıda gön-zad
tapılmayır. Ayaqqabı da o qədər bahadır ki, yaxına düşmək olmayır. Onun üçün də
mən Pinəçi Qafarın işi xoddur. Başım nə ağradım, hər çustun yamağına yüz
mindən az almıram.
M o l l a N ə s r ə d d i n. Hə, indi başa düşdüm ki, sən nə ücün kommunxoz
iddəa edirsən, Mirzə Fərəc de narkomprosa qarğış.
M i r z ə F ə r ə c. Molla əmi, burada mənim çörəyim kəsildi. Vətənə getmək
istəyirəm. Nə məsləhət görürsən?
M o l l a N ə s r ə d d i n. Məbadə oylə fikrə düşəsən. Hər kəs Azərbaycandan
İrana qədəm qoyur - bolşeviksən deyə dara çəkirlər. Amma bolşeviklər də yaman
adamlardır. İran nədir, Turan nədir - hələ desən Hindustana gedib çıxacaqlar. A
balam, bircə deyin görüm, bu kommunxoz, narkompros - nə dilidir ki, sizlər
danışırsınız? Mən bu qarğa dilini necə öyrənim? Mən gedən vaxtı burada belə dil
yox idi. O zaman bizim abrazovanın cavanlarımız belə danışardılar: Mən sizi
səvsəm panimat etmirəm. Mollalar da deyərdilər; - Şəcəri-ənacirin zilli-təhtində
istirahət üçün nüzul etdikdən fərəsi-müənnəsin qürbi-fəmindən liçam münqəte
olmuş anı buldunmu?
Gülüşürlər.
P i n ə ç i Q a f a r. Molla əmi, bu bolşevik dilidir, gərək öyrənəsən, yoxsa,
köhnə dil ilə danışarsan, səni başa düşməzlər, tutub çekaya salarlar.
M o l l a N ə s r ə d d i n. A Qafar, çeka nə deməkdir?
P i n ə ç i Q a f a r. Orada müqəssirlərin işinə baxırlar.
M o l l a N ə s r ə d d i n. Demək, əski zamanın okrujnoy sudu.
M i r z ə F ə r ə c. Yox, çeka ondan çox-çox böyükdür.
P i n ə ç i Q a f a r. Molla əmi, bu axşam mənə qonaq gələrsən. Özüm də səhər
tezdən yağlı ət alıb Şahsənəmə göndərmişəm ki, piti qoysun. Şahsənəmin də
səliqəsin görmüsən. Sənə bir ləzzətli piti verəcəyəm, yanında sumax, təzə qatıq, ağ
kağız kimi lavaşa, Cərco qovunu, Bakı üzümü. İçəri vuraq. Mən də sənə bu təzə
bolşevik dilini öyrədim. Molla əmi gəlir?
M o l l a N ə s r ə d d i n. Şahsənəmin pitisindən keçmək olmaz. Gəlir... Mən
de durum Quba meydanını yoxlayım, görüm əski dostlarımın halı necədir? İşlərim
çoxdur. Gərək cəmi idarələri gəzəm, Haqq-hesablarına baxam. Görüm bunlar nə
cür iş aparırlar? (Qalxır.)
P i n ə ç i Q a f a r. Yaxşı, get, amma Molla əmi, ehtiyatlı ol. Düşmənlərin
çoxdur, sabiq ağaların çoxunu Quba meydanında tapacaqsan. Məndən sənə əmanət,
müsəlman ilə danışanda "yoldaş" de, urus itə "tovariş".
M o l l a N ə s r ə d d i n. A Qafar,birdən yanılıb urusa yoldaş desəm mənə
acığı tutmaz ki?
P i n ə ç i Q a f a r. Bolşevik olsa, acığı tutmaz. Həqiqi urus olsa, cəmdəginə
kopuyacaqdır: Kakoy çort ya tebe yoldaş?
M o l l a N ə s r ə d d i n. Qafar, yəni o həqiqilərdən genə də var?
P i n ə ç i Q a f a r. Molla əmi, nə qədər istəsən.
M o l l a N ə s r ə d d i n. Görünür, onlarla bolşeviklər bacara bilməyirlər. Hələ
ki, xudahafiz.
P i n ə ç i Q a f a r. Molla əmi, bir dayan, yaxşı yadıma düşdü. Kişi, başbiletin
varmı?
M o l l a N ə s r ə d d i n. Xeyr, Qafar, yoxdur. İrandan bu gün gəlmişəm. Hələ
başbilet çıxartmamışam.
Q a f a r. Bəs hara düşmüsən?
M o l l a N ə s r ə d d i n. Təbriz mehmanxanasına.
Q a f a r. Molla əmi, ehtiyat üçün mənim udastaverenimi götür, adresim də
orada var. Bir iş olsa, məni o adres ilə çağırtdır. (Kağızı verir.)
M o l l a N ə s r ə d d i n. A Qafar, bu baş biletdir, nədir?
P i n ə ç i Q a f a r. Bəli, başbiletdir, adına udastaverenni deyirlər.
M o l l a N ə s r ə d d i n. Qafar, görünür, bolşeviklər də başbiletdən əl çəkə
bilməyirlər, ancaq adını dəyişdiriblər. Mən getdim. (Gedir.)

Pərdə


İKİNCİ ŞƏKİL

Səhnə Quba meydanının bir guşəsini göstərir. Vəli bəy qovurulmuş şabalıd,
Ağa Şirəli qovurma, Ağa Saleh də halva satırlar.

A ğ a S a l e h. Halvası, halvası! Slatki halvası! Nastayaşi malmalat!
V ə l i b ə y. Jrinni kaştan! Kaştan!
A ğ a Ş i r ə l i. Qavurma, qavurma! Yağlı qavurma!
A ğ a S a l e h. Şirəli, malıyın əsil adını desənə?
A ğ a Ş i r ə l i. Ay onun adı batsın! Qavurma, qavurma! Adı yaman, özü dadlı!
V ə l i b ə y. Hey, get ey fələk, hey! Keçmişdə o hadim vaxtımda bir
axşamçağı küçə ilə gedirdim. Qəflətən bir şey partladı. Dedim yəqin məni atdılar.
O vaxtı düşmənlərim çox idi. Baxıb gördüm ki, bir həmşəri şahbalut partıltısı imiş.
Şahbalutu ayağımla vurub küçə ilə bir elədim. İndi qəzanın işinə bax ki, özüm
şahbalut qavurub satıram. Hanı keçmiş dövran! Dəmlər o dəmlər idi, zaman o
zaman idi!
A ğ a Ş i r ə l i. Vəli bəy, mən də keçmişdə, o gözəl vaxtda bir gecə restoranda
yoldaşlarımla (indiki yoldaşlarımı demirəm ha) kef edirdim. Hər cür içki içib
sərxoş olan zaman həmin indi bu halva satan dostumuz Ağa Saleh gəlib çıxdı.
Dedi: sizin hamımızı ştraf edəcəyəm, nə üçün mənsiz kef edirsiniz. Gərək bu saat
stol təzələnə! Konyak, vodka meydana gələ. Qavurmaçı Mehrinin də adı yaman,
özü dadlı qavurması da burada hazır ola. Ağa Salehin də bir sözü iki olmazdı. Bəli,
qavurma hazır oldu. Biz də təzədən lül qənbərqulu olduq. Ah, dəmlər o dəmlər idi,
zaman o zaman idi!
A ğ a S a l e h. Düzdür, dəmlər o dəmlər idi. Fəqət biz də müdəm məst olub,
bizə dərin quyu qazan bolşeviklərə kömək edən molla nəsrəddinləri vaxtında tələf
etmədik.
V ə l i b ə y. Bunu Ağa Saleh doğru deyir. Molla Nəsrəddinin jurnalından
kəndli-fəhlə məsələsi düşməyirdi.
A ğ a Ş i r ə l i. Onda mənim də yanığım var. Ah! Bir gəlib buraya çıxaydı,
onun o uzun hənalı saqqalında bir tük qoymazdım!
V ə l i b ə y. Mən də onun ala-bula əmmaməsini bu saca salıb şahbulat kimi
qavurardım.
A ğ a Ş i r ə l i. Aman! Ya rəbb! Odur, Molla Nəsrəddin gəlir.
Molla Nəsrəddin daxil olur, onlara diqqətlə baxır.
M o l l a N ə s r ə d d i n. Səlaməleyküm, ey sabiq ağalar, xozeyinlər, indi
qavurma, halva satan füqərayi-kasibo!
A ğ a S a l e h. Əleyküməssəlam, ey bizləri bu günə qoyan fitnə fücur Xacə
Nəsir, qoca Nəsir!
M o l l a N ə s r ə d d i n. Hə! İndi mən deyənə gəlmisiniz!
V ə l i b ə y. Oylə ki, sən biz bəylərə külüng vururdun, axırda bu günə düşəcək
idik. Müdam biz mülkədarların əleyhinə yazdın:
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,
Toxum əkməyə dehqanları neylərdin, ilahi,
İş rəncbərin, güc öküzün, yer özününkü,
Bəyzadələri, xanları neylərdin, ilahi.
A ğ a S a l e h. Fəhlələri də bizim üstümüzə qaldırmağa yazırdın:
Fəhlə, Özünü sən də bir insanmı sanırsan?
Pulsuz kişi, insanlığı asanmı sanırsan?
O qədər belə yazdın ki, axırda onlar da üsyan edib bizləri bu günə saldılar.
M o l l a N ə s r ə d d i n. Hə, başa düşürəm. Siz ağa xozeyinlər mənə sud
qurmuşsunuz. Onda mən müqəssirin də danışmağa haqqı varmı?
A ğ a Ş i r ə l i. Var, söylə görək nə deyəcəksən?
M o l l a N ə s r ə d d i n. Ağa Şirəli, mən siz dövlətlilərə belə nəsihət
etmədimmi?
Dövlətli, amandır! Özünü salma bəlaya
Fəhlə sözü haqq olsa da, baxma o sədayə.
A ğ a S a l e h. A hiyləbaz molla, sənin bu kələyini biz də duymuşduq. Fəhlədə
sənin sözlərini tərsinə anlamaq lazımdır.
M o l l a N ə s r ə d d i n (kənara). Doğrudan da, kələyimi duymuşlar. Görüm
bunların əlindən necə xilas oluram? (Onlara.) indi mənim barəmdə fikriniz nədir?
V ə l i b ə y. Mən əhd eləmişəm ki, sənin o əmmaməni bu şahbalut qazanında
yandıram.
A ğ a Ş i r ə l i. Mən də səni xurd-xəşil edib bu qavurma qazanında Molla
Nəsrəddin qavurması bişirəm.
A ğ a S a l e h. Mən də Molla Nəsrəddin halvası yoğuram.
Vəli bəy şabalıd çömçəsini, Ağa Şirəli qovurma çömcəsini, Ağa Saleh halva bıçağını
götürüb Molla Nəsrəddinin üzərinə hücum edirlər.
M o l l a N ə s r ə d d i n. Qaradavoy, qaradavoy!
V ə l i b ə y. Sizlərin dövlətindən köhnə hökumət öz qaradavoyları ilə təşrif
apardılar...
M o l l a N ə s r ə d d i n (qoltuğundan Qafar verdiyi kağızı cıxarıb gostərir.)
Məni döymək olmaz! Bu möhürlü kağızı görürsünüzmü? Hünəriniz var mənə bir
çırtma vurun, hamınızı tutub çekaya salarlar.
Onlar kağızın nə olduğuna fikir verməyib möhürdən qorxurlar.
A ğ a S a l e h. Molla əmi, biz sənlə zarafat edirdik.
V ə l i b ə y və A ğ a Ş i r ə l i. Buyurunuz bizə qonaq olunuz. Molla
Nəsrəddin. Görürəm mənim gəlməyimdən ovqatınız təlx olubdur. Çox şadıq.
Keçmiş günahlarımızı boynumuza alırıq.
A ğ a Ş i r ə l i. Xeyr, xeyr. (Oxuyurlar.)
Söylədik aldatmıyalım fəhləni, fəhləni,
Əldə də oynatmayalım fəhləni, fəhləni.
Yer verin azad eliyək kəndlini, kəndlini
Dəhridə dilşad eliyək kəndlini, kəndlini
Biz vəli bunlara qulaq vermədik, vermədik
Bu gələcək işləri biz görmədik, görmədik.

Pərdə

davamı