Süleyman Sani Axundov. Molla Qasım

Molla Qasım öz arvadı Zeynəb ilə Güllücə kəndində ömür sürürdülər.

Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocalarının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Güllücədə görmüşdülər.

Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Güllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.
Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir cığırımında, kol-koslu,
ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. Əhalisi isə nəhayət dərəcədə
avam, dini-mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq,
həkimsiz, dərmansız yaşayırdılar.

Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə
biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın
fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də
həkimlik, ağsaqqallıq və qeyri vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı.
Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək, səhv
etmərik, çünki bu dünyada əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri
mövcud idi.

Molla Qasımın bu "məta" mallarının qızğın alış-verişi el dağa köçən zaman və
dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki
böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib, döymüş, ev üçün azuqə
saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, coluq-çocuqlarına, gəlin-qızlarına
tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.

Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım
borcunu tələb edəndə, borcluları deyərdilər;
- A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.
- Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır. Arvadlarınız da corab, şal, palaz
toxuyurlar. Bunlardan gətirin borclarınıza hesab edək, - deyə Molla Qasım onları
məzəmmət edərdi.
Molla Qasım Güllücə kəndinə kim tərəfindən molla təyin edilmişdi, bilən yox
idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb
etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq məlumatı yox idi.

Onun məqsədi yene də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə
düşdükdə Molla Qasım mane olub demişdi:
- Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız, öz əkinçilik
sənətini atıb şəhərlərə qaçarlar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının,
ağrımaz başınızı bəlaya salmayın.
Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı
öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə
şəfa tapmayıb öləndə deyərdi: əcəli yetən adam öləcəkdir, istər həkimi loğman da
ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey
edə bilməz.
Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük
ixtisas sahibi olub, kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki,
Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə
qorxub qaçardılar. Kənd əhli bu qarıya "həcəmət" Zeynəb ləqəbini vermişdi.
Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcəmət kimi beli əyilmiş, dilavar, kimsədən
qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə, ya ölü üstə aparıldıqda,
o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə körpə uşaqların həkimliyi,
kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Güllücə
kəndini inək kimi sağıb yeyərdi.
Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı.
Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dışarı çıxmaqdansa, qapıları
bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Biləks, Zeynəb qarı çox qoçaq
bir qadın idi, ərinə deyərdi:
- Bilməyirəm, mən olmasaydım, sən bu vəhşi camaatın içində, necə yaşaya
bilərdin?
Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi
mövhumata inanıb qorxmağı idi. Ələlxüsus, dostu Zeynal kişi keçən cümə ona bu
hadisəni nağıl etməklə cinlərə etiqadını möhkəmləşdirmişdi.
- Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanını hamıdan geriyə
qalmışdı. Arvad-uşağı yaylağa köçürüb, özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük
edib boz qatıra yüklədim, yola düşdüm. "Cinli" dağdan qorxa-qorxa keçirdim. Bir
zihəyat yox idi. Məni vahimə götürmüş birdən qulağıma zurna səsi gəldi. Diqqət
ilə baxdıqda iki dağın arasında camaat gördüm, yəqin etdim ki, toydur, qatırımı
onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:
- Zeynal kişi, sən çox xoş gəlmisən, buyur, burada toyumuz bir az rahat ol, ye,
iç, sonra gedərsən.
Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni
qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə dəvət etdi.
Qonaqlar:
- Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, - deyə salamladılar.
Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən şey vardı, o da hamı məni
tanıdığı halda, mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif
edən oğlan dedi:
- Zeynal kişi, təama şüru edin, ancaq ürəyinizdəki sözü demə. Bunu eşitcək,
Molla Qasım, sənin sözün yadıma düşdü. Yəni hər şeyi başladıqda bismillah
deməli. Mən bismillah decək, hamı yox ol. Gördüm boz qatırın üstündəyəm.
Heyvan bir kolun qabağında dayanıb dincini alır. Bunu gördükdə qan-tər məni
basdı. Heyvanı rahat qoymayıb qamçıladım. Bir azdan sonra bu cin məkanından
uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur.
Molla Qasım:
- Zeynal kişi, cin-şəyatin biz bəni-adəmin düşmənidir. Hər cildə girib bizləri
haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək allahdan uzaqlaşmayasan, onda
heç şey edə bilməzlər - deyərdi.

* * *

Hekayəmizin qəhrəmanları belə ömr sürməkdə ikən Azərbaycanda Şura
hökuməti quruldu. Sair kəndlər kimi Güllücə kəndində də kənd şurası düzəlib yeni
şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də
savad kursları. Kəndliləri yeni quruluşun qanunu ilə aşna etmək üçün və onların
biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular.

* * *

Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa
getmişdi. Natiq din və məzhəbdən bəhs etdi:
Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün
yaradılmışdır.
Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb,
oyanmaqlarına mane olmuşdur. Ruhanilər, hökmranların, sərvətdarların min dürlü
zühnünə davam etdirmək üçün, "yoxsullar səbir edin, böyüklərin ehtiramını
saxlayın, onların itaətində olun ki, axirətdə allahın behiştinə nail olasınız, yoxsa
əbədilik cəhənnəmin oduna yanarsınız" - deyə yoxsul sinfə bu dünyada cəhənnəm
çəkdirib onların zəhmətilə özlərinə behişt qurmuşlar...
Bu nitqi eşitdikdə Molla Qasımın bədəninə titrətmə düşdü. Qorxudan daha
məsciddə qala bilməyib evinə gəldi.

* * *

Nağıl etdiyimiz zamandan üç il keçdi. Zeynəb qarı hələ ümidini kəsməmişdi.
Hey tas qururdu ki, Şura hökumətini yıxsın, amma bolşeviklər tilsimə düşməyib
gün-gündən möhkəmləşirdilər. Güllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı
küçələri düzəldib, gecələr elektrik ilə işıqlanırdı. Cavanlar tərəfindən teatr tərtib
olunmuşdu. Qadınlar üçün klub açılmışdı.
El yaylağa köçən zaman idi. Molla Qasım həyətdə qoz ağacının altında həsir
saldırıb uzanmışdı. Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. Bu halda dərvaza
döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında
durmuşdu.
Zeynəb qarı soruşdu:
- Nə istəyirsən?
- Zeynəb nənə, molla əmi evdədirmi?
- Bəli, evdədir, içəri gəl.
Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb
soruşdu:
- Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?
- Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış
bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik.
Molla Qasım istehza ilə dedi:
- Siz bolşeviklər allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha
molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın, çıxsın getsin.
- Molla Qasım, mənə qalsa elə edərəm və sənə də əziyyət vermərəm, çünki
əqidəmcə meyit namazı qılsan da, qılmasan da təfavütü yoxdur, ölü çürüyüb torpaq
olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq
atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.
Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:
- Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi allah
bəndəsi arvaddan belə kafir oğul törəsin?
Qənbər gülərək cavab verdi:
- Ay Zeynəb nənə, mən kafir öləndə, nə molla əmi zəhmət çəkib namazımı
qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan.
Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da
gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.
Molla Qasım pulun adını eşitcək yumşalıb dedi:
- Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan
da Zeynəbin bacılığıdır. Onların xatiri üçün razı oluram.
Molla Qasım qalxıb geyindi, Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola
düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:
- A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən
dünyada yansaq, bu ədalətsizlik olar və sən də deyirsən ki, allah adildir, zalım
deyil.
Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl
qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qaranlıq yerdə qazılmış qəbrə
çatdılar.
Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.
- Kərim, mollanın atını tut, - deyə Qənbər atdan düşdü.
Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla
Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:
- Molla duasını oxuyunca, biz də başdaşını gətirməyə gedək. - Kəndlilər
getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çömbəlib ərəb dilində kürd
Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarını altından torpaq qaçıb
qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan
qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə
Molla Qasım qışqırıb qəşş etdi.
Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib
çıxdılar. Daşı qəbrin yanında yerə saldılar.
Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz
uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra
çıxartdı.
Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdılar. Xeyli səydən sonra Molla
Qasım özünə gəldi. Üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. Qənbər soruşdu:
- Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?
Molla Qasım zəif və titrək səslə dedi:
- Ölü xortlamış, ayağa qalxmaq istəyirdi... məni boğdu... sonra bilməyirəm nə
oldu... Məni tez Zeynəbə yetirin...
Bunu eşitdikdə, kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə
başladılar.
- Bizim etiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay
alim Molla Qasım, beləmi əqidə ilə biz avam kəndlilərə yol göstərici olmuşdun? -
deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.
Molla Qasım dedi:
- Mənə inanmayırsınız, qəbrə girin baxın.
- Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm,
ancaq özün də qorxmayıb qəbrə baxasan, - deyə Qənbər qəbrə endi.
Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən
basdıqda meyitin baş tərəfi dikəldi.
- Gördünüzmü, - deyə Molla Qasım titrəyə-titrəyə soruşdu.
Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:
- İndi mənə inanırsınız.
Qənbərəlini meyitin baş tərəfinə soxaraq, Rəhim və Kərimə dedi:
- İkinizə də lənət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini
qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz.
Əlbəttə meyitə əl dəydikdə ləngərlənəcəkdir.
Bunu eşitdikdə Kərim gülüb dedi:
- Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.
Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub
basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə
mindirib qurşağı ilə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim
Molla Qasımı evinə gətirdilər. Zeynəb qan ərini belə gördükdə qışqırıq saldı.
- Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü
otura bilmədi, onun üçün belə gətirmişik, - deyə Qənbər onu sakit etdi.

* * *

Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd
əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə
bağırırdılar:
- Molla Qasım, qaç xortdan gəldi.
Molla Qasımın azarı getdikcə artırdı. Axırda el dağdan enən zaman, ağartının
qızğın alver vaxtı Güllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və sairə
vəzifə sahibi Molla Qasım vəfat etdi.