Nizami Gəncəvi. Leyli və Məcnun (66)

əvvəli

MƏCNUNUN DAYISI SƏLİM AMİRİNİN
MƏCNUNU GÖRMƏYƏ GƏLMƏSİ


Bəli, söz sərrafı o vaxtdan bəri
Düzmüş söz sapına bu inciləri:
Məcnunun aqil bir dayısı vardı,
Aşiqin halını yaxşı duyardı.
Hünər sahibiydi o halalzada,
Dadmışdı yaxşını, pisi dünyada.
Ona deyirdilər Səlim Amiri,
Samiri kimiydi ağlı, tədbiri.
Yaralı Məcnunun oydu məlhəmi,
Başından getməzdi aşiqin qəmi.
Hər ay əl tutardı yazıq Məcnuna,
Yemək də, paltar da verərdi ona.
Bir gün o qəribin dalınca yenə
Düşdü səhraların dərinliyinə.
Qovdu çöldən-çölə öz dəvəsini,
Dağ-daşı dolandı dəli div kimi.
Gördü ki, tayfadan, zəncirdən kənar,
Bir dağın dibində o tutmuş qərar.
İki-üç vəhşi də bürümüş onu,
Gəlib gedənlərin kəsmiş yolunu.
Qorxdu vəhşilərdən yorğun müsafir,
Uzaqdan-uzağa salam verdi bir.
Məcnun o salamı eşidən zaman:
"De, kimsən, nəçisən?" soruşdu ondan.
O sa cavab verdi: "Amiriyəm mən,
Yumruqlar yemişəm pis zəmanədən.
Sənin öz dayınam, dərk elə, bala,
Üzün möhtac deyil qara bir xala.
Sən də həbəşilər kimisən bu gün,
Üzün xal olmuşdur sənin büsbütün".
Məcnun tanıyaraq, dedi: "Yaxın gəl".
Onunla diz-dizə oturub, əvvəl
Olandan, keçəndən xəbərlər tutdu,
Söhbət şirin keçdi, dərdi unutdu.
Səlim qəbristanda kəfənsiz qalan
O çılpaq aşiqi gördüyü zaman
Bir əyin paltarı aldı yükündən,
Məcnuna verərək söylədi: "Bil sən,
Bu paltar halaldır, gey indən belə,
Halalzadə kimi davran mənimlə".
"Yox, mənim canımdan paltar uzaqdır,
Geyinsəm bədənim od tutacaqdır.
Zənn et ki, libasa mən meyil saldım,
Sonrasa cıraraq, yenə lüt qaldım".
Səlim çox əlləşdi orda, müxtəsər,
Paltarı geydirdi ona bir təhər.
Sonra heybəsini açıb tökərək,
Gətirdi Məcnuna ət ilə çörək.
Nə qədər dil töküb yalvardısa da,
Məcnun bir tikə də yemədi əsla.
Yeməzdi, içməzdi Məcnun bir kərə,
Nə tapsa verərdi o vəhşilərə.
Səlim soruşdu ki: "Ey bağrı qan, sən
Danış, gecə-gündüz bəs nə yeyirsən?
Adam ki, yeməklə, içməklə yaşar,
Danış, adamsansa, nə xörəyin var?"
Dedi ki: "Ey adı qəlbim tək Səlim,
Hər sözü, söhbəti, salamı həlim,
Könlümü doyuran yeməklər deyil,
Səhər çağlarının nəsimidir bil.
Budur, ac qalmaqdan canım sönmüşdür,
Yemək qüdrətim də heçə dönmüşdür.
Yarın qoqusunu gətirən külək
Mənə həm su olur, həm də ki, çörək.
Hər gecə daşların üzərindəyəm,
Ağ gün görməmişəm bu yerdə bir dəm.
Aclıqdan saralıb lap keçinirkən,
Ağacdan kitirgə qoparıram mən,
Gah da göz tikirəm ota, ələfə,
O da həftədə yox, ayda bir dəfə.
Yeməkdən əlimi üzmüşəm müdam,
Yemək qayğısından tamam azadam.
Boğazdan getməyir yediyim mənim,
Udanda, inciyir bütün bədənim.
Bu arıq canımla keçinirəm ac,
Canımda yeməyə yoxdur ehtiyac...
Lakin, buraxmaram ruzini əldən,
Yeyənlər tapılar, yeməsəm də mən.
Bir nemət yeyəndə aslanla maral,
Onlar çeynədikcə doyuram dərhal".
Səlim anladı ki, o mərd, o qoçaq
Çörəksiz, ot ilə dolanır ancaq.
Gülmədi aşiqin o xörəyinə,
Dəyib toxunmadı onun qəlbinə.
Dedi ki: - Dünyada yemək üzündən
Çox quşlar tələyə düşmüşdür, bilsən.
Nə qədər dən dərdi çəksə bir insan,
Onunçün o qədər dərd verər zaman.
Kim qənaət etsə ota, sənin tək,
O öz aləminin şahıdır, gerçək.

davamı