Türkiyə İsrailə ərəb inqilablarından nəticə çıxarmağı təklif etdi

Türkiyə prezidenti Abdulla Gülün "New York Times" qəzetinə yazdığı məqalə


Yaxın Şərqdə və Şimali Afrikadakı üsyanlar dalğasının Avropada 1848 və 1889-cu illərin inqilabları qədər tarixi əhəmiyyəti var.

İstisnasız olaraq regiondakı bütün xalqlar təkcə bəşəri dəyərlər naminə yox, həm də uzun müddət alçaldılmış milli qürur və ləyaqətlərinin uğrunda üsyan ediblər.

Amma bu üsyanların demokratiya və sülhə, yoxsa istibdad və münaqişəyə aparıb çıxaracağı bir məsələdən asılıdır - İsrail-Fələstin münaqişəsinin həll edilərək davamlı sülh sazişinin bağlanmasından və geniş tərkibdə İsrail-ərəb sülhünə nail olunmasından.

Fələstin faciəsi indiyəcən regionda qeyri-sabitlik və münaqişələr üçün bir səbəbə çevrilib.

Eyni zamanda dünyanın başqa yerlərində ekstremizm üçün bəhanə olub.

Hamıdan qabaq regiondakı yeni siyasi ab-havaya İsrail uyğunlaşmalıdır

Amma İsrail bundan qorxmamalıdır. Ətraf ölkələrdə demokratik dövlətlərin qurulması İsrailin təhlükəsizliyi üçün tam təminatdır.

Bu qarmaqarışıq dövrdə gələcəyi iki qüvvə müəyyən edəcək: insanların demokratiya aclığı və regionun dəyişən demoqrafiyası.

Gec-tez Yaxın Şərq demokratikləşəcək. Adından da göründüyü kimi demokratik hökumətlər xalqın arzu və istəklərini ifadə etməlidir.

Belə hökumətlər cəmiyyətin maraqlarına uyğun olmayan, alçaldıcı və ədalətsiz xarici siyasət yürüdə bilməz.

İllər uzunu regiondakı hakimiyyətlər xarici siyasət yürüdərkən xalqın arzularını nəzərə almayıblar.

Tarix dəfələrlə göstərib ki, davamlı, ədalətli, həqiqi sülh yalnız xalqlar arasında yarana bilər, hakim elitalar arasında yox.

Mən İsrail rəhbərlərini çağırıram ki, sülh prosesinə uzaqgörən strateji düşüncə ilə yanaşsınlar, qısa müddət üçün nəzərdə tutulmuş taktiki manevrlərlə yox.

Bundan ötrü

Ərəb Liqasının 2002-ci ildə irəli sürdüyü sülh təşəbbüsünə ciddi yanaşmaq lazımdır

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas və Türkiyə prezidenti Gül
Həmin təşəbbüs İsrailin 1967-ci ildən əvvəlki sərhədlər daxilinə qayıtması və ərəb ölkələri ilə münasibətləri tam şəkildə normallaşdırmasını nəzərdə tutur.

Qeyri-müəyyən statusdan əl çəkməmək İsrail üçün böyük təhlükə törədir.

Tarix göstərir ki, demoqrafiya xalqların taleyinin müəyyən edilməsində mühüm amildir.

Qarşıdakı 50 ildə Aralıq dənizi ilə Ölü dəniz arasındakı yaşayan əhalinin əksər hissəsi ərəblərdən ibarət olacaq.

Ərəblərin yeni nəslinin demokratiya, azadlıq və ləyaqət hissləri daha güclüdür

Bu kontekstdə İsrail çalışmalıdır ki, ərəblərin nifrət və düşmənçilik “dənizi”nin ortasında bir “aparteid adası”na çevrilməsin.

Bir çox İsrail rəhbərləri bu təhlükəni görürlər və müstəqil Fələstin dövlətinin qaçılmaz olduğunu anlayırlar.

Möhkəm və şərəfli Fələstin dövlətinin İsraillə qonşu olması onun təhlükəsizliyini zəiflətməyəcək, əksinə daha da möhkəmləndirəcək.

Türkiyənin İsrail-Fələstin sülh prosesinə strateji yanaşması var.

Təkcə ona görə yox ki, Yaxın Şərqdə sülhün bərqərar olması Türkiyənin xeyrinədir. Həm də ona görə ki, Türkiyə bu sülhdən bütün dünyanın faydalanacağına inanır.

Biz konstruktiv danışıqlara kömək üçün əlimizdən gələni əsirgəməməyə hazırıq. Türkiyənin İsrailin 2008-ci ildəki Qəzza əməliyyatına qədərki fəaliyyəti belə bir sülhə nail olmağa sadiqliyini nümayiş etdirir.

Əgər İsrail öz qonşuları ilə sülh siyasəti yürütməyə başlayarsa, Türkiyə əvvəllər oynadığı roluna davam etməyə hazırdır.

Bundan əlavə, mənim fikrimcə, İsrail-Fələstin münaqişəsinin həlli məsələsinə gəldikdə
İsrail və Fələstin bayraqları


ABŞ-ın da beynəlxalq normalar və ədalətin yanında olmaq məsuliyyəti var


Beynəlxalq ictimaiyyət istəyir ki, ABŞ on il qabaqkı kimi İsrail və Fələstin arasında vasitəçilik fəaliyyətində tərəfsiz və effektiv olsun.

Uzunmüddətli sülhə nail olunması ABŞ-ın İsrailə eləyə biləcəyi ən böyük yaxşılıqdır.

Israil üçün fələstinlilər və bütün ərəb dünyası ilə sülh zazişi olmadan regiondakı demokraik və demoqrafik dəyişikliklərə uyğunlaşmaq mümkünsüzdür.

Türkiyə bu məsələdə öz məsuliyyətini anlayır və kömək etməyə hazırdır.