İranlı fəal Abbas Derisin üç oğlu hakimiyyəti atalarını edam etməməyə çağırıblar. Fəalın rədd etdiyi ittihamlar üzrə tezliklə edam ediləcəyi güman olunur.
Sosial mediada yayılan videoda oturduqları xalçaya baxan oğlanlardan biri deyir: "Atamın canının bağışlanması üçün yalvarırıq. Ataya hökm kəsiləndən sonra anamız iflicdən öldü. Atadan başqa heç kimimiz qalmayıb”.
Deris qardaşı Moşen ilə birlikdə 2019-cu ilin noyabrında ümummilli iğtişaşlar zamanı “Allaha qarşı müharibə aparmaqda, asayişi pozmaqda və xüsusi təyinatlı polisin üzvü Rza Sayadinin qətlində iştirakda” ittiham olunub.
Buna da bax: İranda pis qidalanmaya görə ‘fəlakət’ xəbərdarlığıAli Məhkəmə hökmü qüvvədə saxlayıb
Müraciətdən bir gün öncə Derisin vəkili Fereşteh Tabanian deyib ki, Ali Məhkəmənin 39-cu filialı ölüm hökmünü qüvvədə saxlayıb, vəkilin iyulun 5-də qaldırdığı vəsatət nəzərə alınmayıb.
Derisin anası da video yayaraq oğlunun edam cəzasını yüngülləşdirməyə çağırıb.
2019-cu ilin noyabrında etiraz aksiyalarında İranın 100-dən çox şəhər və qəsəbəsində minlərlə vətəndaş küçələrə çıxaraq qazın qiymətinin qəfil qaldırılmasına etiraz edib. Etirazlar tez bir zamanda siyasi xarakter alıb, çoxları İran rejiminə, onun liderlərinə qarşı şüarlar səsləndirib.
İran İnsan Haqları təşkilatı etirazlarda 14-ü uşaq olmaqla, 324 vətəndaşın öldüyünü təsdiqləyib. “Reuters” xəbər agentliyi isə öz araşdırmalarına əsasən faktiki 1500-dək şəxsin həlak olduğunu bildirib.
Buna da bax: İranda hicaba etiraz edən tələbələri döyüblərBeş aya azı 307 edam
İranda son bir ildə yaşam şəraitinin pisləşməsi nümayişlərə səbəb olub. Azadlıqların, özəlliklə qadın hüquqlarının təmin olunmaması narazılığı gücləndirib. Etirazları yatırtmağa çalışan hakimiyyətin edam cəzalarını artırması isə beynəlxalq tənqidlə üzləşib.
İnsan haqları qrupları və Qərb hökumətləri saxlananlara qarşı hüquqi prosedurları təmin etməyə çağırır, qurulan “saxta” məhkəmələri pisləyirlər.
İyunun 1-də Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı 2023-cü ildə azı 307 nəfərin edam olunduğunu bildirib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 76 faiz çoxdur.