ABŞ Nümayəndələr Palatasının ardınca Senat da federal hökumətin işinin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 87 senator layihəni dəstəkləyib, 11-i əleyhinə çıxıb. CNN-in məlumatına görə, layihəyə İsrailə və Ukraynaya əlavə yardım daxil deyil.
Qanun layihəsi imzalanmaq üçün prezident Co Baydenə (Joe Biden) göndərilib. Prezidentin sənədi imzalaması "şatdaun"un – federal hökumətin işinin dayanmasının qarşısını alacaq. Ağ evin nümayəndəsi noyabrın 14-də deyib ki, qanun layihəsini Senat qəbul edərsə, prezident onu imzalamağa hazırdır, bununla da "maliyyələşmənin indiki səviyyəsi qorunacaq və ziyanlı siyasi faktorları olmayacaq".
Nümayəndələr Palatasının spikeri Mayk Consonun (Mike Johnson) təqdim etdiyi yeni qanun layihəsi prioritet dövlət proqramları və qurumlarının maliyyələşməsini 2024-cü il yanvarın 19-dək uzadır. Söhbət ordu quruculuğu, veteranların işi, nəqliyyat, energetika və mənzil tikintisindən gedir. Büdcənin qalan müddəaları isə 2024-cü il fevralın 2-dək maliyyələşdiriləcək.
Buna da bax: Zelenski və Zalujnı cəbhədəki vəziyyətin 'mürəkkəb' olduğunu deyirlərUkrayna və İsrailə yardıma ayrıca baxılır
Ukrayna, İsrail və Tayvana maliyyə yardımı, ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsinə ayrıca baxılır. Ağ ev bu məqsədlə 106 milyard dollar ayrılmasını təklif edib. Bayden administrasiyası istəyirdi ki, bütün maliyyə istiqamətləri bir paketdə müzakirə olunsun, ancaq respublikaçılar buna qarşı çıxırdılar. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə 14 milyard dollarlıq yardımla bağlı ayrıca qanun layihəsi qəbul edib. Ukraynaya yardım oraya daxil deyil. Demokratların nəzarətində olan Senat isə bu təşəbbüsün qarşısını alıb.
Federal hökumətin işi qismən dayanarsa – "şatdaun" baş verərsə, noyabrın 18-dən 4 milyondan çox amerikalı hərbçi və dövlət qulluqçusu maaş almayacaq, dövlət xidmətləri və ödənişlərinin bir qismi məhdudlaşdırıla, yaxud yubana bilər.
Ukrayna 2022-ci il fevralın sonundan Rusiyanın işğalı ilə üzləşib. İsrail isə oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının hücumuna məruz qalıb. Hazırda İsrail qüvvələri HƏMAS-ı məhv etmək məqsədilə Fələstinin Qəzza anklavında hərbi əməliyyatlar aparır.