Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili İranla sərhədə gedib. Bu barədə bu gün, martın 2-də ABŞ-nin Azərbaycandakı səfirliyinin Facebook səhifəsində bildirilib.
"Müvəqqəti işlər vəkil Qevara Azərbaycan Dövlət Gömrük Komitəsinin Astaradakı ofisinə baş çəkib. Azərbaycanın cənub sərhədi boyunca narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ABŞ-nin təqdim etdiyi avadanlığın istifadəsi ilə tanış olub", - məlumatda bildirilir.
Azərbaycanın hüquq-mühafizə orqanları tez-tez İrandan qaçaqmalçılıq yolu ilə gətirilən onlarla kiloqram narkotikin müsadirə edilməsi barədə məlumatlar yayırlar.
Bundan əlavə, bir çox hallarda İran-Azərbaycan sərhədində narkotik maddə alverçiləri ilə Azərbaycan sərhədçiləri arasında silahlı toqquşmalar baş verdiyi də bildirilir.
Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov isə ötən il demişdi ki, xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla onların ərazisinə gətirilib.
Onda bu məlumata İranin rəsmi qurumlarından münasibət almaq mümkün olmamışdı.