Ötən il oktyabrın 1-dən 2024-cü il mayın 28-nə kimi 57 min 200 qanunsuz miqrant ABŞ cənub sərhədini keçərək Kaliforniya ştatına çatmağa cəhd edib. Onlardan 2 min 900-ü Özbəkistan vətəndaşıdır.
Bu barədə ABŞ Sərhəd-Gömrük Xidmətinə istinadən "Fox News" xəbər verir.
Xidmətin məlumatına görə, saxlananların 27.5 mini Çindən, 8.9 mini Hindistandan, 7.8 mini Türkiyədən, 4.4 mindən çoxu Mavritaniyadan, 3 minə yaxını Vyetnamdan, 5.6 mini isə Qvineyadandır.
Bəzi miqrantlar "Fox News"a ABŞ-da daha yaxşı həyat axtardıqlarını söyləyiblər.
"İngilis dilim çox yaxşı deyil və ABŞ-da heç kimi tanımıram. Bilirəm ki, ABŞ-a gəldikdən sonra hər şeyi yenidən başlamalı olacağam. Ancaq gələcəkdə yaxşı bir həyat və övladlarımın yaxşı təhsil almasını arzulayıram. Mən mümkün qədər tez ABŞ-da məskunlaşmaq istəyirəm", - qeyri-qanuni miqrantlardan biri deyib.
2023-cü ildə ABŞ-ın cənub-qərb sərhədinə 2.5 milyondan çox miqrant gəlib. Onların əksəriyyəti ölkəyə daxil olmağı bacarıb.
Ötən il Mərkəzi Asiya ölkələrindən gələn miqrantların sayı xeyli artıb – regiondan 50 mindən çox insan ABŞ-a qeyri-qanuni yollarla daxil olub. Onların arasında 17 min Özbəkistan, 7 min Qırğızıstan, 3 min Tacikistan, 2 min 700 nəfər Qazaxıstan, 2 min Türkmənistan vətəndaşı var.
ABŞ-ın statistikasına görə, bu il qeyri-leqal miqrantların, o cümlədən orta asiyalıların kütləvi axını azalmır.
2021-ci ilin oktyabrından 2023-cü ilin oktyabrınadək ABŞ sərhədini qanunsuz keçən 13 mindən çox özbəkistanlı saxlanıb.
2023-cü ilin dekabrında ABŞ-a qanunsuz gedənlərdən 119 Özbəkistan vətəndaşı vətəninə ekstradisiya edilib.