Sentyabrın 4-də Birləşmiş Ştatlar Rusiyanı 2024-cü il ABŞ prezident seçkisinə təsir göstərməyə çalışmaqda ittiham edib. Bu zaman Kremlin idarə etdiyi media orqanları və amerikalıları bilməyərəkdən Rusiya propaqandasına məruz qoymaqdan ötrü hazırlanmış onlayn platformalardan istifadə olunduğu bildirilir. Ədliyyə Departamenti sentyabrın 4-də bu barədə pres-reliz yayıb.
Departamentin məlumatına görə, Kreml əvvəl "Russia Today" kimi tanınan RT kimi media orqanları, eləcə də ABŞ seçicilərini dezinformasiya ilə hədəfə alan onlayn platformalardan yararlanır. RT Kremlin propaqanda səylərinin əsas hissəsi sayılır.
32 internet domeni necə istifadə olunub
Ədliyyə Departamenti bildirir ki, Rusiya hökumətinin yönəltdiyi xarici “məkrli" təsir kampaniyasında istifadə olunan 32 internet domeni müsadirə edilib. FTB direktoru Kristofer Rey (Christopher Wray) bu domenlərin Rusiya hökuməti tərəfindən idarə olunduğunu, amerikalı istifadəçiləri aldatmağa yönəlik "Rusiya hökumət propaqandası ilə dolu" vebsaytlar yaratdığını deyib.
Məlumata görə, Rusiya prezident administrasiyasının nəzarətində olan Rusiya şirkətləri domenlər vasitəsilə hökumət propaqandasını gizlicə yayıblar. Propaqandanın məqsədi təkcə prezident seçkisinə təsir göstərmək deyil, həm də Ukraynaya beynəlxalq dəstəyi azaltmaq, rusiyayönlü siyasət və maraqları gücləndirmək olub.
Prezident Vladimir Putinin yaxın ətrafının, o cümlədən aparat rəhbərinin müavini Sergey Kriyenkonun Rusiyanın ictimai münasibətlərlə bağlı şirkətlərini yönəltdiyi deyilir. Onlar da, öz növbələrində, dezinformasiya yayıblar.
Baş prokuror Merrik Qarland (Merrick Garland) Kremlin seçkilərdən hansı nəticəyə üstünlük verdiyini açıqlamayıb. Amma Putin bu ilin əvvəlində demişdi ki, Co Bayden keçmiş prezident Donald Trampdan daha proqnozlaşdırılandır. O zaman Bayden hələ seçki yarışından çəkilməmişdi. İyulda Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədi və sonuncu avqustda Demokratlar Partiyasının namizədi elan edildi.
10 milyon dollarlıq sxem
Ədliyyə Departamenti iki rusiyalıya qarşı ittihamnaməni də açıqlayıb. 31 yaşlı Konstantin Kalaşnikov və 27 yaşlı Yelena Afanasyeva Xarici Agentlərin Qeydiyyatı Aktını (FARA) pozmaqda, çirkli pulyuma cəhdində ittiham olunurlar.
Qarland deyib ki, RT-nin bu iki əməkdaşı 10 milyon dollarlıq sxemdə ittiham olunur, məqsəd Rusiya hökumətinin "gizli" mesajları ilə dolu kontent hazırlayaraq ABŞ izləyicilərinə çatdırmaq olub. O, təhqiqat getdiyini, hər iki şəxsin azadlıqda olduğunu deyib.
Rusiya isə bu addımı "əcinnə ovu" adlandırıb, ABŞ əhalisini qorxutmaq niyyəti güddüyünü deyib. O da qeyd olunub ki, Vaşinqtonun RT-yə qarşı hərəkətlərinə cavab olaraq Rusiya da ABŞ mediasını hədəfə alacaq. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sentyabrın 5-də danışıb.
ABŞ Ədliyyə Departamenti bir ay öncə Rusiyanı ABŞ seçkisinə birbaşa təhdid adlandırmışdı.
ABŞ Xəzinədarlığı isə domenlərin müsadirəsindən başqa, 10 fərdə və iki quruma sanksiyalar elan edib. Onların arasında RT-nin baş redaktoru Marqarita Simonyan və baş redaktor müavini Yelizaveta Brodskaya da var.