Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 25 də Birləşmiş Ştatların (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbini qəbul edib.
Ombudsman Aparatının məlumatına görə, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində son dövrdə həyata keçirdiyi fəaliyyət barədə qonağa ətraflı məlumat verib.
ABŞ səfirliyi də X platformasında görüş barədə səfir Libbiyə istinadən məlumat yayıb.
"Ombudsman Səbinə Əliyeva ilə insan haqlarını müzakirə etmək üçün görüşməyimə şadam. Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq", - M.Libbi qeyd edib.
Xatırlatma
Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.