ABŞ Senatı fevralın 4-də çoxdan gözlənən 118 milyard dollarlıq paketi razılaşdırıb. Sərhədin gücləndirilməsi, Ukraynaya, İsrailə və ABŞ-ın digər müttəfiqlərinə yardımı uzlaşdıran layihə dərhal Nümayəndələr Palatasının əks reaksiyası ilə üzləşib.
AP yazır ki, bu təklif prezident Co Baydeni (Joe Biden) Ukraynanı yenidən hərbi yardımla təmin etmək üçün ən yaxşı şans ola bilərdi. Senatın liderləri - demokrat Çak Şumer (Chuck Schumer) və respublikaçı Mitç Makkonnel (Mitch McConnell) xarici siyasətdəki bu əsas hədəf məsələsində həmrəydirlər. Senat bu həftə qanunvericilik üzrə əsas sınaq səsverməsi keçirməlidir.
Ç.Şumer deyib ki, Ukraynaya yardım göstərilməsə, Rusiya prezidenti Vladimir Putin "Ukraynanı yarıb keçərək hətta Şərqi Avropaya keçə bilər".
Ancaq layihənin mətni yayılandan bir neçə saat sonra Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson (Mike Johnson) sosial mediada yazıb ki, layihə "varid olmamışdan ölüdür".
Konqresdə Ukraynaya 60 milyardlıq yardım məsələsi yubandıqca, ABŞ Kiyevə sursat və raket göndərməyi dayandırıb, bu isə Rusiya işğalı ilə mübarizə aparan ukraynalı əsgərləri çətin duruma salıb.
Senatorlar bir neçə ay idi Ukraynaya yardımdan yorulmuş mühafizəkarların müqavimətini qırmaq üçün kompromisə çalışırdılar. Onlar həmçinin Amerika siyasətində ən ağır məsələlərdən olan sərhəd və immiqrasiya qanunvericiliyini keçirməyə çalışacaqlar.
Miqrantlarla bağlı yeni səlahiyyət
Bayden bəyanat yayaraq bildirib ki, Senatın təklifi "Birləşmiş Ştatlara bütün dünyadakı tərəfdaşlarımızla birlikdə həyati əhəmiyyətli işimizi davam etdirmək, Ukraynanın azadlığını müdafiə etmək, onu Rusiyanın işğalından özünü qorumasını dəstəkləmək imkanı verir".
Sərhədlə bağlı Bayden deyib ki, immiqrasiya sistemi çoxdan qırılıb, onu düzəltməyin vaxtıdır.
Sənəd layihəsində sığınacaq sistemini daha sürətli və sərt qaydalarla təkmilləşdirmək nəzərdə tutulur. Prezidentlərə səlahiyyət verilir ki, sığınacaq üçün müraciət edənlərin sayı həddən artıq çoxaldıqca, miqrantları ölkədən çıxarsınlar.