ABŞ Ukraynaya 425 milyon dollarlıq silah yardımını açıqlayacaq

HIMARS

Bayden administrasiyası noyabrın 3-də Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketinin anonsunu verəcək. Paketə antidron raketləri və sursatlar daxildir, - ABŞ-ın iki rəsmisi noyabrın 2-də bildirib.

Ancaq paketə əlavə ATACMS raketləri salınmayıb. Konqresin aparıcı respublikaçı üzvləri prezident Co Baydeni (Joe Biden) Ukraynaya daha uzaqmənzilli raketlər göndərməyə çağırırdılar. Bəzi mühafizəkar konqresmenlər isə əlavə yardıma qarşı çıxırlar.

Paketdə hansı silahlar var

Planlaşdırılan yardım paketinə Rusiya dronlarını vurmaqdan ötrü 300 milyon dollarlıq lazer idarəetməli döyüş sursatları daxildir. Bu sənədi "Reuters" də görüb, bir rəsmi də təsdiqləyib. Bu sursatların maliyyəsi Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) proqramı çərçivəsində gəlir. Bu proqram Bayden administrasiyasına silahları ABŞ-ın silah ehtiyatlarından götürməyə deyil, sənayedən almağa imkan verir.

Qalan 125 milyon dollara isə NASAMS havadan müdafiə sistemləri üçün əlavə sursat, HIMARS sistemləri üçün sursat, 105 və 155 millimetrlik artilleriya mərmiləri, TOW antitank silahları, "Claymore" piyadalar əleyhinə minalar, kiçik silahlar və onlarla yük maşını daxildir. Bunu anonimlik şərti ilə danışan rəsmilər söyləyib.

Bu silahlar ABŞ inventarının artıq qalan hissəsindən göndəriləcək.

Rəsmilərin dediyinə görə, paket hələ də tamamlanır, dəyişə bilər.

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan ABŞ Kiyevə 44 milyard dollarlıq təhlükəsizlik yardımı göndərib.