ABŞ Maliyyə Nazirliyi Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi tapşırıqlar üzrə departamentinin başçısı Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə, habelə rusiyayönlü Alt-Info partiyasının liderləri Konstantin Morqoşiya və Zurab Maxaradzeyə sanksiyalar elan edib.
ABŞ onları “xarici agent” qanununa etiraz edənlərin zorakılıqla dağıdılması zamanı insan haqlarının pozulmasında ittiham edir.
Bundan başqa Alt-Info partiyasının fəalları 2021 və 2023-cü illərdə jurnalistlərin, QHT ofislərinin və polisin üzərinə homofob hücumlarda iştirak ediblər.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Xarazişvili və Laqazauri “etirazçılara və siyasi opponentlərə qarşı qəddar repressiyalarla” bağlıdırlar, Morqoşiya və Maxaradze isə vətəndaşların dinc mitinqlərinin zorakılıqla dağıdılmasında birbaşa və dolayısı ilə iştirak ediblər.
Sözü gedən 4 nəfərə 13818 saylı Fərman və bütün dünyada insan haqlarını pozanları hədəfləyən Maqnitski qanunu əsasında sanksiyalar tətbiq olunacaq.
ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini əvəzi Bredli Smit deyib ki, yenicə elan edilmiş sanksiyalar “bizim Gürcüstandakı antidemokratik hərəkətlərdən narahatlığımızı ifadə edir”.
Buna da bax: Çeçenistanda saxlanan Azərbaycan vətəndaşları ölkəyə gətirilib“Rusiya qanunu”
Tənqidçilər bildirirlər ki, “Gürcü arzusu” partiyasının bu qanunun qəbulundan məqsədi qarşıdan gələn seçkilərədək hakimiyyətini möhkəmlətməkdir.
Bu qanuna görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.
Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).
Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.
Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.
Müxalifət bu qanunu “Rusiya qanunu” adlandırır. Rusiyada “xarici agent” qanunun qəbul edilməsi müxalifətin və müstəqil medianın daha sərt təqib olunmasına imkan vermiş, çoxsaylı cərimə həbslərə yol açmışdı.