ABŞ Prezidenti Co Bayden təchizat zəncirindəki tıxanmaları yoluna qoymaqdan ötrü Amerika şirkətlərindən kömək istəyib. Tıxanmalar artıq pərakəndə satışa ziyan vurmaq, qlobal iqtisadi bərpanı ləngitmək təhdidi yaradıb.
Konteynerlərin 8.5 faizi
Bayden oktyabrın 13-də deyib ki, Kaliforniyada iki böyük liman sutkaboyu əməliyyatlarını genişləndirəcək, dənizdəki yük gəmilərində 500 min konteynerlə bağlı problemin həllinə kömək edəcəklər. Asiyada hazırlanmış məhsullar ABŞ bazarına Los Anceles və Lonq Biç limanlarından daxil olur.
Buna da bax: ABŞ vaksin olunanlar üçün sərhəd qadağasını qaldırırDünya Bankının hesablamasına görə, hazırda qlobal konteyner daşımalarının 8.5 faizi limanlarda qalıb. Bu, yanvardakı göstəricidən iki dəfə çoxdur.
Təchizat zəncirinin donması, istehlak və alıcılıq vərdişlərindəki yeniliklər və bəzi sahələrdə mal qıtlığı qiymətləri artıraraq milyonlarla insana ziyan vurur. “The Washington Post” qəzeti yazır ki, sentyabrda qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artıb. Bu isə ilsonuna az qalmış inflyasiyanın hələ də yüksək olduğunu göstərir. Daha əvvəl bunun pandemiyanın müvəqqəti yan təsiri olduğunu düşünən siyasətçilər artıq bu fikirdən daşınmağa başlayıblar. Artıq onlar qiymət artımı və digər iqtisadi dəyişikliklərə hələlik həlli görünməyən, aylarla sürəcək hadisələr kimi baxırlar.
Buna da bax: Ucuz maskaların ABŞ sənayesində buraxdığı iz24 saatlıq iş rejimi
Respublikaçıların bəziləri inflyasiyanın bu qədər yüksək olmasına görə hökumət xərclərinin artırılmasını günahlandırırlar. Ağ Evlə ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) rəhbərləri isə pandemiyadan doğan iqtisadi problemləri əsas gətirirlər.
Qiymət artımı və təchizat zəncirindəki axsamalar iqtisadi artımı ləngidir. Üstəlik, son iki ayda delta variantı ilə bağlı narahatlığa görə işçilərin işə götürülməsi də zəifləyib.
FED-in inflyasiyanın pandemiyanın doğurduğu müvəqqəti hal olduğunu deməsi amerikalıları sual qarşısında qoyub: görəsən, ərzaq və benzin qiymətləri bir də nə vaxt aşağı düşəcək?
“Financial Times” qəzeti isə yazır ki, prezident Bayden təchizat zəncirində yaranmış tıxacların yüngülləşdirilməsi üçün Walmart, UPS və FedEx kimi şirkətlərin iş saatlarını uzatmaqla bağlı vədini alıb. Üç şirkət çərşənbə günü – oktyabrın 13-də həftədə yeddi gün, sutkada 24 saatlıq iş rejiminə keçmək haqda qərar qəbul edib.
Buna da bax: BVF qlobal artım proqnozunu azaldırBolluca mal var, amma...
Şirkətlər bu vədi Ağ Evdə Baydenin dəvəti ilə biznes liderləri, liman və yükdaşıma rəhbərləri, habelə həmkarlar ittifaqlarının rəsmiləri ilə keçirilən sammitdə açıqlayıblar.
Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri bildiriblər ki, UPS və FedEx birlikdə Amerikada bağlamaların 40%-ni daşıyır və onların atdığı bu addım digər daşıma şirkətlərini də eyni cür davranmağa həvəsləndirə bilər. Onlar “Target”, “Home Depot” və “Samsung” kimi iri şirkətlərin də adlarını çəkərək onların limanlardan mümkün qədər çox konteyneri yığışdırmasını istəyiblər.
Bayden administrasiyası dəmir yolu və yük maşınları ilə daşıma həyata keçirən şirkətləri və limanları artan tələbatı qarşılamaq üçün işin həcmini artırmağa çağırıb. Ancaq əksər şirkətlərin bunun üçün kifayət qədər işçisi yoxdur. Limanların yaxınlığında anbar yerlərinin qıt olması da tıxacların kəskinləşməsinə səbəb olur.
“Qarşıdakı aylarda ayrı-ayrı yerlərdə mal və xidmət qıtlığı ola bilər. Ancaq bol miqdarda mal var. Məncə, istehlakçıların Milad bayramı ərəfəsində almaq istədikləri mallar barədə çaxnaşmaya düşməsinə gərək yoxdur”, – FED-in katibi Cənet Yellen deyib.
Buna da bax: ‘Covid-19 böhranı yox, Covid-19 erasında yaşayırıq’“Milad mövsümü əldən çıxdı”
Bəzi təhlilçilər çərşənbə günü elan olunan tədbirlərin kifayət etməyəcəyini deyirlər. “Gartner” konsaltinq şirkətinin logistika təhlilçisi Brayan Uitlok “Financial Times”a deyib ki, bu tədbirlər bayram mövsümündə pərakəndə satıcıların narahatlığını azaltmaq üçün çox kiçik və çox gecikmiş ola bilər. “Bu gün portlarda ilişib qalan malın oradan çıxmasına 60 gün lazımdır. Bu isə o deməkdir ki, Milad mövsümü əldən çıxdı”, – o deyib.
O, Şimali Amerika portlarının Asiya limanlarının yalnız 1/3-i qədər səmərəli çalışdığına diqqət çəkib.
“Capital Economics” müstəqil araşdırma şirkətinin dünya iqtisadiyyatı rəhbəri Cennifer MakKeonsa “The New York Times” a müsahibəsində deyib ki, çatdırılma vaxtlarının pisləşməsi və limanlardakı vəziyyət məhsul qıtlığının gələn ilin ortalarına və hətta sonlarına qədər sürəcəyini deməyə əsas verir.