Birləşmiş Ştatlar və Rusiya nümayəndə heyətləri arasında Cenevrədə səkkiz saat davam edən danışıqlar başa çatıb.
Bu danışıqlar bu həftə ərzində Qərb və Rusiya arasında davam edəcək silsilə dialoqun ilk görüşü idi.
ABŞ dövlət katibinin müavini, Birləşmiş Ştatlar nümayəndə heyətinin başçısı Uendi Şerman Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla danışıqları “ciddi” və “işgüzar” adlandırıb.
Xanım Şerman bu görüşü danışıqlar yox, “söhbət” hesab etdiyini deyib və əlavə edib ki, ABŞ Rusiyanın tələbləri üzərində sətirbəsətir dayanmayıb.
Şerman bunu da bildirib ki, ABŞ danışıqlara Avropada müdafiə raketlərinin yerləşdirilməsi və hərbi təlimlərin kəmiyyəti də daxil bir sıra təkliflərlə gəlmişdi.
ABŞ dövlət katibinin müavini deyib ki, Vaşinqton Rusiyanın Şərqi Avropada ABŞ qoşunlarının azaldılması təklifini rədd edib.
Onun sözlərinə görə bu məsələ yanvarın 10-da keçirilən danışıqların “gündəliyində olmayıb”.
Buna da bax: ABŞ-Rusiya danışıqları başladıMoskva əsas tələbinin Ukrayna olduğunu deyir
Öz növbəsində Ryabkov bildirib ki, Ukraynanın NATO üzvü olmasına imkan verilməməsinə dair Moskvanın tələbi istiqamətində irəliləyişə nail olmaq mümkün olmayıb.
Ryabkov israr edib ki, ABŞ diplomatları ilə gələcək danışıqların perspektivi bu tələbin yerinə yetirilməsindən asılı olacaq.
Lakin Şerman deyib ki, “Vaşinqton heç kimə NATO-nun açıq qapılar siyasətinin qapısını bağlamaq ixtiyarı verməyəcək”.
ABŞ rəsmisi vurğulayıb ki, bu prinsip alyansın əsas qayəsidir:
"Biz Birləşmiş Ştatlarla işləmək arzusunda olan suveren dövlətlərlə ikitərəfli əməkdaşlıqdan imtina etməyəcəyik. Və biz Ukrayna barəsində Ukraynasız, Avropa barəsində Avropasız, NATO barəsində NATO-suz qərarlar qəbul etməyəcəyik. Biz partnyorlarımıza demişik: “sizsiz sizin barənizdə heç nə””.
Şerman bildirib ki, Vaşinqton Rusiyaya məsələləri daha detallı müzakirə etmək üçün “tezliklə” yenidən görüşməyi təklif edib.