Rusiya qüvvələri Ukraynaya təcavüz edərsə, Birləşmiş Ştatlar bu ölkəyə ixrac qadağaları tətbiq edə bilər. Xəbəri “Reuters” ABŞ administrasiyası rəsmisinə istinadla yayıb.
Huawei-yə qarşı sanksiyalara oxşar
ABŞ Rusiyanın smartfon, təyyarə və avtomobillərin əsas komponentlərini idxal etməsini məhdudlaşdıra bilər. Mənbə ixrac qadağalarının iqtisadi sanksiyalara əlavə olaraq nəzərdən keçirildiyini qeyd edib.
Buna da bax: ABŞ və Rusiya Moskvanın tələblərini yanvarda müzakirə edəcəklərRəsminin sözlərinə görə, müzakirə edilən məhdudiyyətlər Rusiyanın sənaye, eləcə də kütləvi istifadə üçün nəzərdə tutulmuş texnologiyalara çıxışını məhdudlaşdıra bilər.
Rəsmi deyib ki, keçmiş prezident Donald Tramp administrasiyasının Çinin Huawei telekommunikasiya şirkətinə qarşı istifadə etdiyi, Co Bayden administrasiyasının isə davam etdirdiyi metodlar işə salına bilər. Huawei telefonlarında istifadə olunan yarımkeçiricilərin bəzi hissələri ABŞ-da hazırlanır. Bu fakt isə bütün dünyada mikrosxemlərin bu sanksiyanın təsirinə məruz qalacağı deməkdir.
Buna da bax: Putin: Rusiyanın tələbləri ultimatum deyilBanklara sanksiyalar
“Bloomberg” dekabrın 7-də yazırdı ki, Rusiyanın Ukraynaya hücum edəcəyi halda, ABŞ və Avropa İttifaqı Rusiyanın böyük banklarına və Birbaşa İnvestisiyalar Fonduna sanksiyaları nəzərdən keçirir. Sanksiyalar rublun dollara, avroya və funt sterlinqə konvertasiyasını da əhatələyə bilər.
ABŞ və Avropanın bəzi media orqanları kəşfiyyat mənbələrinə istinadla gələn ilin əvvəlində Rusiyanın Ukrayna ərazisinə irimiqyaslı hücuma başlaya biləcəyini yazır. Məqsədin indiki hakimiyyətin devrilməsi, yaxud ərazi zəbt etmək olduğu bildirilir. Ukrayna Müdafiə Nazirliyi də bu haqda yazıb.
Moskva isə belə planları inkar edir, öz ərazisində qoşun yerləşdirmək hüququ olduğunu deyir. Moskva Qərb mediasındakı yazıları “Ukrayna ətrafında vəziyyəti gərginləşdirərək məsuliyyəti Rusiyanın üzərinə atmağı hədəfləyən xüsusi əməliyyat” adlandırıb.