"AbzasMedia" onlayn nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Bu barədə onların vəkilləri məlumat verib.
İyunun 12-də Xətai rayon Məhkəməsi istintaq orqanın (Daxili İşlər Nazirliyi) təqdimatına baxaraq onu təmin edib.
Ü.Həsənli ötən il noyabrın 20-də, S.Vaqifqızı isə bir gün sonra - noyabrın 21-də həbs olunub. Məhkəmə hər iki media işçisi barəsində 4 aylıq həbs-qətimkan tədbirin seçilməsi haqqında qərar verib. Daha sonra onların həbs müddəti daha 2 ay 29 gün uzadılmışdı.
Jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Onlar özlərini təqsirli bilmir və jurnalist fəaliyyətinə görə həbs olunduqlarını deyirlər.
Vəkil Elçin Sadıqov bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanan S.Vaqifqızının sözlərinə görə, ona yaxınları ilə telefonla əlaqə saxlamağa imkan yaradılmır: "Sevinc dedi ki, axırıncı dəfə anası ilə danışarkən 1 saylı Bakı İstintaq Təcridxanasında nöqsanları ictimailəşdirmişdi. Bundan sonra ona telefonla danışmağa imkan verilmir".
Bir neçə gün əvvəl yaxınları bildirmişdi ki, S.Vaqifqızının anası Ofeliya Məhərrəmova qızı ilə telefon danışığı zamanı ona təcridxanada saxlanılan bəzi qadınların haqsız yerə cərimə otağına salınması və təhdid edilmələrini deyib.
S.Vaqifqızına yaxınları ilə telefonla əlaqə saxlamağa imkan yaradılmaması ilə bağlı deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Lakin Penitensiar Xidmət bundan əvvəl iki qadın məhbusun cərimə kamerasına salındığı və onlarla pis rəftar olunduğu haqqında deyilənləri təkzib etmişdi. "Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, həssas kontingentə aid olan qadınların nəinki son günlər, eləcə də son bir il ərzində rejim qaydalarının pozuntusuna görə cərimə otağına keçirilmə faktları qeydə alınmayıb", - Penitensiar Xidmətin "Turan"ın sorğusuna cavabında vurğulanıb.
11 iyun
Ülvi Həsənlinin zorakılığa məruz qaldığı bildirilir
"AbzasMedia" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin zorakılığa məruz qaldığı deyilir.
Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, iyunun 6-da o, Xətai rayon Məhkəməsindən çıxarılarkən qolları arxadan qandallanıb: "Penitensiar Xidmətinin konvoy əməkdaşları onun qollarını yuxarı qaldırıb başını aşağı əyiblər və bu vəziyyətdə məhkəmə binasından çıxarıblar. Ülvi etiraz bildirəndə itələyərək zorakılıq ediblər".
Ü.Həsənlinin yaxınları qeyd edib ki, bu, artıq ikinci belə haldır.
Bu deyilənlərə Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, onlar məhkum və həbs edilən şəxslər ilə yalnız qanun çərçivəsində davranırlar.
Ü.Həsənli ötən il noyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Nərgiz Absalamovanın da həbs müddəti artırıldı
İyunun 11-də "AbzasMedia işi" üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib. Vəkilin sözlərinə görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib və həbs-qətimkan tədbiri sentyabrın 20-nə kimi uzadılıb.
N.Absalamova ötən il noyabrın 30-da həbs olunub. Dekabrın 1-də barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu il fevralın sonunda Absalamovanın həbs müddəti 3 ay, mayın 25-də isə daha 22 gün artırılmışdı.
Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist özünü təqsirli bilmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.
10 iyun
'AbzasMedia işi' üzrə bəzi jurnalistlərin həbs müddəti uzadılıb
"AbzasMedia işi" üzrə həbs edilmiş jurnalistlərdən Elnarə Qasımova və Hafiz Babalının həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə qərar iyunun 10-da Xətai rayon Məhkəməsində qəbul olunub.
Məhkəmə bununla bağlı istintaq orqanın təqdimatıni təmin edib.
Məhkəmə qərarı ilə E.Qasımovanın həbs müddəti iki ay, H.Babalının isə bir ay uzadılıb.
Hafiz Babali 2023-cü ilin dekabrın 14-də məhkəməyə qədər ilkin dövr üçün 3 aylıq həbs edilmişdi. Martın 7-də həbs qətimkan tədbiri iyunun 13-ə qədər uzadılmışdı. Bununla da onun həbs müddəti daha 1 ay uzadılıb
Elnarə Qasımova barəsində isə bu il yanvarın 15-də 2 ay 17 günlük həbs qəti imkan tədbiri seçilmişdi. Martın 7-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri də 3 ay uzadılmışdı. Bu gün, iyunun 10-da onun həbs müddəti əlavə 2 ay uzadılıb.
Xatırlatma
Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların bundan əvvəl də həbs müddətləri artırılıb.
Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.