‘Abzas Media işi’ üzrə ibtidai istintaq bitib

“Abzas Media işi” üzrə müttəhimlər

“Abzas Media işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir. Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.

Onun sözlərinə görə, bu gün, sentyabrın 9-da istintaq orqanı yekun protokolu elan edib.

Vəkil qeyd edib ki, jurnalistlər Cinayət Məcəlləsinin 7 maddəsi üzrə ittiham olunur:

"192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci ,320.2-ci və 213.2.1-ci maddələri ilə ( külli miqdarda gəlirlə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstənin cinayət yolu ilə əldə etdiyi xeyli miqdarda pulu leqallaşdırma, mütəşəkkil dəstənin qaçaqmalçılığı, sənəd saxtalaşdırma... və mütəşəkkil dəstə halında vergidən yayınma) ittiham verilib”.

Z. Sadıqova qeyd edib ki, növbəti mərhələdə vəkillər işin materialları ilə tanış olacaqlar: "Cinayət işi 20 cilddən ibarətdir". Daha sonra iş baxılması üçün məhkəməyə göndərilməlidir.

Hələlik, işlə bağlı istintaq qurumu olan Daxili İşlər Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.

“Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə bu iş üzrə təqsirləndirilən şəxslərdir.

Əvvəlcə ötən il noyabrın 21-də Ülvi Həsənli və Sevinc Vaqifqızı daha sonra isə digərləri həbs ediliblər. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Buna da bax: Milli Məclisin yeni nümayəndə heyətinin AŞPA-da mandatı təsdiqlənə bilərmi?

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.