Birləşmiş Ştatların dörd texnoloji nəhənginin başçıları Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısında konqresmenlərin çətin suallarını cavablandılrmalı olublar.
Hazırda bu şirkətlərin, xüsusən də koronavirus pandemiyası dövründə qabarıq görünən hegemonluğu bir çox millət vəkillərinin narahatlığına səbəb olub.
Antinhisar alt komitəsinin iyulun 29-da videobağlantı ilə keçirilən sual-cavab sessiyasında Amazon şirkətinin təsisçisi Jeff Bezos, Apple şirkətinin başçısı Tim Cook, Facebook-un yaradıcısı Mark Zuckerberg və Google-un rəhbəri Sundar Pichai iştirak edirdilər.
Bezos millət vəkilləri qarşısında ilk dəfə idi ki, ifadə verirdi.
Toplam bazar qiyməti 5 trilyon dollar olan bu dörd şirkət son zamanlar istər tənzimləyicilərin, istərsə də rəqiblərinin ittihamları ilə üzləşirlər.
Bir çox təhlilçilərin fikrincə, texnologiya nəhənglərinin biznes praktikası onların daha kiçik rəqiblərinə ziyan vurur.
Onları habelə “innovasiyalara əngəl olmaqda, istehlak qiymətlərini şişirtməkdə və cəmiyyətə təhlükə yaratmaqda” günahlandırırlar.
Buna da bax: ABŞ prezidentinin oğlu Donaldın Twitter hesabı məhdudlaşdırılıb
Ağır ittihamlar
Bu dinləmə zamanı qüdrətli şirkət başçıları öz bizneslərini müdafiə etməyə və bazarların nə dərəcədə rəqabətli olduğunu sübut etməyə çalışırdılar.
Bir sıra millət vəkilləri onları iddia edilən siyasi qərəzdə, ABŞ demokratiyasına zərərli təsirdə və bir sıra məsələlərdə Çinə boyun əyməkdə ittiham edirdilər.
Alt komitənin sədri David Cicilline deyib ki, “bu şirkətlərin bəzi praktikaları rəqabət və innovasiyalara əngəl törədən ziyanlı iqtisadi təsirə malikdir”.
Cicilline bildirib:
“Sözün qısası bu şirkətllər həddən ziyadə qüdrətə malikdirlər. Ya özlərinə üstün şərait yaratmaqla, ya aqressiv qiymətqoyma ilə, ya da istifadəçilərini əlavə məhsulların alınmasına vadar etməklə bu dominant platformalar genişlənmək məqsədilə öz dağıdıcı və ziyanlı güclərindən istifadə edirlər”.
Millət vəkili əlavə edib ki, texnonəhənglər ticarətin internetə keçməsi ilə bağlı, çox güman koronavirus böhranından daha da güclənmiş olaraq çıxacaqlar.
Respublikaçı Jim Jordan şirkətləri mühafizəkar baxışlara senzura qoymaqda ittiham edib.
Belə ittihamları prezident Donald Trump da tez-tez səsləndirir.
O bu dinləmədən əvvəl millət vəkillərini, “Konqres bir tədbir görməzsə öz fərmanını verəcəyi” ilə hədələmişdi.
Trump iddia etmişdi ki, “ölkə bu vəziyyətdən cana yığılıb və yorulub”.
Buna da bax: Facebook Trump-ın reklamlarını silir
Müdafiə xətti
Beləliklə, ABŞ-ın texnologiya nəhəngləri hazırda bir neçə cəbhədən hüquqi və siyasi hücumlara məruz qalırlar.
Söhbət Konqresin, Trump administrasiyasının və Avropa tənzimləyicilərinin təzyiqlərindən gedir.
Google şirkəti bu dinləmədə axtarış mühərriki olaraq daha çox rəqib variantların sıxışdırılmasına və öz məhsullarına üstünlük verməsinə görə ittiham olunurdu.
Apple şirkətinin antiinhisar tənqidləri isə tətbiq proqramları hazırlayanların App Store adlanan tətbiq bazarına buraxılmaması iddialarına əsaslanırdı.
Millət vəkilləri Facebook-u dezinformasiya siyasətinə görə tənqid edirdilər. Onlar vurğulayırdılar ki, bu siyasət prezident seçkilərinin əsaslarını sarsıda bilər.
Bezos öz çıxşında Amazon-un ifrat qüdrəti barədə iddiları təkzib etməyə çalışıb. O qlobal bazarın həqiqətən də böyük olduğunu yada salıb.
O deyib ki, bütün bu söz-söhbətlərə baxmayaraq Amazon şirkətinin ABŞ bazarındakı payı cəmi 4 faizdən də azdır.