Yenicə keçirilmiş sorğulardan birinin nəticəsinə görə hər 10 nəfərdən 4-ü bu və ya digər dərəcədə koronavirusun Çin tərəfindən Qərbi nəzarətdə saxlamaq məqsədilə yaradıldığına inanır.
The Telegraph qəzeti yazır ki, bu sorğu COVID-19 epidemiyası ətrafında cərəyan edən qəsd nəzəriyyələrinə və ya konspirologiyaya həsr edilib.
Bu sorğuda “koronavirusu Çin tərəfindən Qərbi məhv etmək üçün yaradılmış biosilah hesab edirsinizmi” sualına rəyi soruşulanların 55 faizi “yox” cavabını verib. Amma respondentlərin 20.2 faizi buna bir azca, 5.5 faizi isə tamamilə inandığını deyib.
İngiltərədəki Oksford Universitetinin kliniki psixoloqları tərəfindən aparılan sorğunun nəticələri “Psychological Medicine” jurnalında dərc edilib.
Sorğu göstərib ki, İngiltərədə bir sıra insanlar COVID-19 pandemiyası ilə bağlı elmi və hökumət konsensusuna inanmır.
Buna da bax: Çin COVID-19-la bağlı iddiaları rədd edir – Qərb mediası
Hökumətə inamsızlıq
İngiltərədə rəyi soruşulan yetkin yaşlı adamların 59 faizi müəyyən dərəcədə hökumətin koronavirusun səbəbi məsələsində ictimaiyyəti azdırdığına inanır.
Bunlardan beşdə biri və yaxud 21 faizi virusu uydurma hesab edir, 62 faiz isə müəyyən dərəcədə virusun insan tərəfindən düzəldildiyini düşünür.
Rəyi soruşulanların 70.9 faizi DST-nin virusa qarşı vaksinə malik olsa da, onu açıqlamamasına inanmadığını deyib.
Daha 79 faiz bildirib ki, koronavirusun 5G tərəfindən radiodalğalar vasitəsilə radioaktiv zəhər yaydığına inanmır.
Mayın 4-ü ilə 11-i arasında 2500 nəfərin iştirakı ilə internetdə keçirilmiş sorğu “Oksford Koronavirus İzahatları, Yanaşmaları və Nəqli” adlanırdı.
Sorğu göstərib ki, rəyi soruşulanların təxminən 50 faizi konspiroloji düşüncəyə malik deyil.
Amma adamların 25 faizi qəsd nəzəriyyələrini müəyyən dərəcədə, 15 faizi müntəzəm olaraq və 10 faizi isə yüksək inam dərəcəsi ilə qəbul etdiyini göstərib.
Buna da bax: Moldova kilsəsi də ‘Bill Gates-in mikroçipindən’ qorxur
Belə nəzəriyyələr çox böyük sürətlə yayılır
Sorğu müəllifləri bildiriblər ki, konspiroloji nəzəriyyələrə inananların əksəriyyəti epidemiyaya qarşı hökumət təlimatlarına əməl etməyən, test vermək və ya vaksinasiya olunmaq istəməyənlərdir.
Oksford Universitetinin kliniki psixologiya professoru, psixoloq-həkim Daniel Freeman deyib ki, konspiroloji nəzəriyyələrin çox yayılmasına və qəbul edilməsinə həm də bu epidemiyanın qeyri-adi xarakteri təsir göstərib.
Onun fikrincə, qəsd nəzəriyyələri bir növ adamların böyük təhlükəyə müdafiə reaksiyasıdır.
Tədqiqat bunu da nümayiş etdirib ki, konspiroloji nəzəriyyələr cəmiyyətin geniş təbəqələrini əhatə edir.
Psixoloq Sinéad Lambe isə bildirir ki, qəsd nəzəriyyələri adamların bir qisminin hökumətə və dövlət strukturlarına inamsızlığına görə geniş yayıla bilir.
Onun fikrincə belə nəzəriyyələr əvvəllər olduğundan daha böyük sürətlə və daha böyük məsafələrə yayılır.