Qonşu kəndə çantası belində gedən Adnalı uşaqları

Adnalıda orta məktəb.

«Burda adamlar danışmağa qorxur. Hamının gözünü polislə qorxudublar. Heç kəs sosial problemlərdən danışa bilmir. Bu problemlərdən ən böyüyü məktəblə bağlıdır. Çünki kənddəki uşaqların gələcəyi bu məktəbdən keçir. Qəzalı, soyuq məktəbdə isə keyfiyyətli təhsildən danışmağa dəymir».

«YANMIŞ OTAQLARIN ORA-BURASINI DÜZƏLTDİLƏR»

Cəlilabadın Adnalı kənd sakinləri AzadlıqRadiosuna kəndin ən mühüm problemlərindən birindən – kənd məktəbinin durumundan danışırlar. Onlar «Qaynar xətt»ə məktəbin fotolarını çəkib göndəriblər. Bildirirlər ki, seçim olmadığından övladlarını qəzalı məktəbə göndərməyə məcburdurlar. Kənddə yaşayan Nailə Paşayeva danışır: «2013-cü il dekabrın 26-da məktəbdə yanğın oldu. Altı sinif otağı yanıb yararsız vəziyyətə düşdü. Düşündük ki, heç olmasa, bundan sonra təzə məktəb tikərlər. Ancaq bir müddətdən sonra yanmış otaqların ora-burasını düzəltməklə kifayətləndilər».

Sakinlərin deməsinə görə, ferma görünüşlü məktəbdə 250 nəfərə yaxın şagird təhsil alır. Qış aylarında sinif otaqları və dəhlizlər soyuq olduğundan şagirdlərin dərs davamiyyəti zəifləyir. Bəzi ailələr isə övladlarını qonşu kəndlərdəki nisbətən normal şəraitli məktəbə aparıb-gətirməli olurlar. Bir sözlə, döşəməsi, tavanı, qapı-pəncərəsi yararsız, avadanlıqları köhnə olan məktəb işə yaramır.

Adnalıda orta məktəb.

ÜSTÜ AÇIQ BULAQ

Kənddə ikinci problem içməli su ilə bağlıdır. Sakinlər bildirirlər ki, kəndin əsas içməli su mənbəyi olan qədim bulaq qurumaq üzrədir. Onların sözlərinə görə, bulaq rus çarı İkinci Nikolayın vaxtında inşa olunub. Sovet vaxtı kənddə üzümlüklər salınanda bulaqdan Üçtəpə kəndinə gedən borular zədələnib. O vaxtdan həmin kəndin sakinləri bulağın suyundan istifadə edə bilməyiblər. Hazırda bulağın suyunu yalnız adnalılar işlədir. 7 il əvvəl bulağın anbarında təmizləmə işləri aparılıb. Ancaq üstünün hələ də hörülməməsi kəndliləri narahat edir. Onlar üstüaçıq bulağın suyuna müxtəlif mikrobların düşmə ehtimalı olduğunu bildirirlər.

Cəlilabad rayon İcra Hakimiyyəti isə bildirir ki, Adnalının bir məktəb problemindən yazanda, bir də görülən işlərdən yazmaq lazımdır: «Düzdür, məktəb köhnədir, yenisi tikiləcək, nəzərdə tutulub. Heç kəsin uşağı kənara məktəbə getmir, şişirdirlər. Son illər cənub zonasında onlarla yeni məktəb istifadəyə verilib, onlarla məktəb əsaslı təmir olunub. Bulaqla bağlı heç bir problem yoxdur, əsaslı təmir olunub, əhali də suyundan rahat istifadə edir. 2015-ci ilin avqustunda kəndə ilk dəfə təbii qaz verilib. 426 abonenti olan kəndə 25 min metr uzunluğunda borularla qaz çəkilib. 426 ədəd sayğac quraşdırılıb. Yolları təmir olunub. Kəndlilər özləri də görür ki, problemlər həll olunur, geridə qalır».