İyulun 5-də gecəyarı Bakıda bir neçə evin sökülməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda görünür ki, yaşayış ola-ola divarlar texnikanın köməyi ilə sökülür, bir adam "səsimizə səs verin" qışqırır.
Hadisə Yasamal rayonunda, Behbud Şahtaxtinski küçəsində baş verib.
Nəriman Nəcəfzadə AzadlıqRadiosuna bildirib ki, B.Şahtaxtinski küçəsindəki 43 saylı ünvanda dördnəfərlik ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evi əmisinin evindən arakəsmə ayırır. Evi sökən özəl şirkət əmisi ilə razılaşsa da, onunla razılığa gəlməyib: "Şirkətdən demişdilər ki, səni də razı salandan sonra evi sökəcəyik. Ancaq gecə bir də gördük, evi ekskavatorun ağzına verdilər. Heç elektrik cərəyanını da ayırmamışdılar. Mənim evim qəzalı vəziyyətə düşdü. "102" və "112" xidmətlərinə zəng etdim. "102" xidmətindən gəldilər, "112"dən isə indiyə qədər xəbər yoxdur".
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in "102" Mərkəzinə zəng edib. Ərazidə tikinti aparan MTK-nın yaşayış olduğu halda evləri sökməsi barədə məlumat verib.
Polis həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən edib. Söküntünü aparan şirkətin işləri dayandırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ərazidəki evləri sökən "Deluxe Residence" MTK-dan isə AzadlıqRadiosuna deyiblər ki, evin sökülməsi ilə bağlı onlarla N.Nəcəfzadə arasında müqavilə olub. Amma atasının vəfatından sonra N.Nəcəfzadə şifahi şəkildə müqavilədən imtina edib. Bu haqda MTK-ya rəsmi məlumat verməyib.
Bundan əvvəl, iyunun 30-da gecəyarı Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yaşayan Afət Quliyevanın evi qanunsuz sökülmüşdü.
4 iyul
Qanunsuz sökülmüş evlə bağlı cinayət işi açılıb
Yasamal rayon Prokurorluğu Afət Quliyevanın evinin qanunsuz sökülməsi ilə bağlı cinayət işi açıb.
Baş Prokurorluğun məlumatına görə, "İbrahim-Q" MTK-nın vəzifəli şəxsləri tərəfindən Yasamalda xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
"Döyə-döyə, sürüyə-sürüyə polis maşınına mindirdilər"
A.Quliyevanın evinə basqın edilib texnikanın köməyi ilə uçurdulması, özününsə zorla evdən çıxarılması görüntüləri əvvəlcə sosial şəbəkələrdə yayılmışdı.
A.Quliyeva AzadlıqRadiosuna müsahibəsində demişdi ki, evdən zorla çıxarılmamışdan əvvəl işığı kəsilib. Sonra isə qaramaskalılar traktorla evə basqın ediblər. Şirkət işçiləri ilə birlikdə 26-cı polis bölməsinin sahə müvəkkili və digər polislər onu evdən ayaqyalın çıxarıblar.
A.Quliyeva ona zorakılıq göstərənlər arasında həm polis əməkdaşlarının, həm də mülki geyimlilərin olduğunu bildirmişdi. Ev sahibi onları əvvəldən də gördüyünü, qonşusunun evinin də bu cür söküldüyünü demişdi: "Məni döyə-döyə, sürüyə-sürüyə polis maşınına mindirdilər, bölməyə apardılar".
Daxili İşlər Nazirliyi bildirir ki, şikayətçiyə polis əməkdaşlarının təzyiq göstərməsi iddiaları doğru deyil. Qurumun məlumatına görə, həmin vaxt polislər ərazidə olmayıb, yalnız müraciətdən sonra gəlib tərəfləri polis bölməsinə çağırıblar.
Evi sökən şirkət, hələlik, baş verənlərə münasibət bildirməyib.