Yardım işçiləri Əfqanıstanın qərbində zəlzələ zonasına gedərək ərzaq paylamağa başlayıb. Azı 2 min nəfərin həlak olduğu zəlzələnin dağıntıları altında xilasetmə işləri davam edir. Bu, zəlzələyə meylli dağlıq ərazidə son illərin ən ağır zəlzələsi sayılır.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) sözçüsü Vahid Amani (Wahid Amani) AzadlıqRadiosuna deyib ki, indiyədək Herat vilayətində bir neçə yüz adama yardım çatdırılıb. "70 min nəfərə təcili yardım çatdırmağa hazırıq", - o, əlavə edib
ÜƏP-dən başqa BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Herata yardıma gedib. Qurum əməkdaşları artıq dağıntılar altından insanların çıxarılması, onların müalicəsinə qoşulub.
Qurum zəlzələnin azı 11 min nəfərə təsir göstərdiyini bildirir.
Könüllülər əraziyə yük maşınları dolu ərzaq, çadır, yorğan daşıyırlar.
Ölü sayı
Hadisə yerinə getmək çətin olduğundan yerli rəsmilər zəlzələ qurbanlarının sayı ilə bağlı bir-birinə zidd rəqəmlər açıqlayırlar.
Oktyabrın 8-də Talibanın başçılıq etdiyi hökumət ölü sayının 2 mini keçdiyini bildirib. Təbii Fəlakətlər Nazirliyinin sözçüsü Molla Canan Sayiq deyib ki, 2 min 440 nəfər ölüb, 10 min nəfər xəsarət alıb, 2 mindən çox ev dağılıb, yaxud ziyan görüb.
Bu rəqəmlərin heç birini müstəqil təsdiqləmək mümkün olmayıb.
Birinci zəlzələnin episentri 700 minədək əhalisi olan Heratdan 40 km şimal-qərbə düşüb. Ondan sonra azı üç afterşok baş verib.
ABŞ Geoloji Xidməti ən böyük titrəyişin 6.3 bal gücündə olduğunu bildirib.