Afiəddin Məmmədova ittihamlar ağırlaşdırılıb

Afiəddin Məmmədov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədova verilən ittihamlar ağırlaşdırılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkilin sözlərinə görə, dekabrın 26-da A.Məmmədovun cinayət işi üzrə ibtidai istintaq bitib və ona ittihamlar elan olunub: "Afiəddin Məmmədova qarşı irəli sürülən maddələrin biri dəyişdi, biri də əlavə olundu. Əvvəl o, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdu".

Vəkilin vurğulamasına görə, yekun ittihamlar isə bunlardır: "126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə...)".

Əvvəlki ittihamlarla şəxsə 8, sonrakılarla isə 11 ilədək həbs cəzası verilə bilər.

A.Məmmədov ittihamları qəbul etmir və olanları siyasi fəaliyyəti ilə əlaqələndirir.

Hələlik, vəkilin dediklərini rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

A.Məmmədov bu il sentyabrın 20-də həbs olunub. Təşkilatın digər üzvləri Elvin Mustafayev Ayxan İsrafilov isə narkotik ittihamı ilə həbs ediliblər və hər ikisinin işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fəallar özlərini təqsirli bilmir, bunu fəaliyyətləri ilə izah edirlər.

Amma rəsmilər dinc hüquq müdafiə fəaliyyətinə görə ölkədə kimsənin təqib olunmadığını vurğulayırlar.