“Gürcüstan tərəfi Azərbaycanın hüquq mühafizə qurumlarından jurnalist Əfqan Muxtarlının dindirməsinə şərait yaradılmasını istəyib”.
“Turan” Agentliyinin xəbərinə görə, bu gün, iyunun 27-də Gürcüstanın baş prokuroru Irakli Shotadze yerli jurnalistlərə açıqlamasında belə deyib.
Baş prokuror bildirib ki, ölkəsi Azərbaycan hüquq-mühafizə orqanlarının cavabını gözləyir.
“Gürcüstan Prokurorluğu azərbaycanlı həmkarlarına müraciət edib. Əfqan Muxtarlı ilə bağlı cinayət işinin materialları istənilib”, – baş prokuror Irakli Shotadze vurğulayıb.
Buna da bax: Vəkil: 'Prezident Ə.Muxtarlının xanımını qəbul edəcək'
O, qeyd edib ki, qarşı tərəfdən sənəd və sübutları əldə edib öyrəndikdən sonra Gürcüstan tərəfi müvafiq hüquqi qərarlar qəbul edəcək. Buna uyğun addımlar da atılacaq.
XATIRLATMA
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Buna da bax: Gənc fəallara Əfqan Muxtarlı ilə görüşə icazə verilməyib
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, onlar vurğulayırlar ki, Ə.Muxtarlı saxlanarkən hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.