Bakıda ağac kəsənlər həbs oluna bilər-Layihə

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyevin əkdiyi ağaclar bitirmi?

Prezident martın 28-də Məsim Məmmədovu Laçın rayonunda xüsusi nümayəndəsi təyin etməsi ilə əlaqədar qəbul edərkən deyib ki, ölkənin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur: "Qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir… Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır".

Prezident Əliyev Azərbaycanda hakimiyyətdə olduğu 20 il ərzində bu və buna bənzər ekoloji məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar edib. Bəs vəziyyət niyə dəyişmir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Altı aylıq minimum maaş qədər olan cərimə - Azərbaycanda belədir, bəs Gürcüstanda?

"Cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub"

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Turan"a bildirilib ki, ötən il ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1 min 24 akt, 2 min 112 protokol tərtib olunub: "Ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb. 4 milyon 662 min manat vəsaitin Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülməsi təmin edilib. 680 müddətli göstəriş verilib".

Nazirlikdən deyilib ki, qanunsuz ağac kəsiminə görə cəzaların artırılması ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub və layihənin qəbulu gözlənilir: "Cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bunun qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər".​

E.Nəsirov

Deputat: "Ciddi kadr islahatlarına ehtiyac var"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Elman Nəsirov da "Turan"a bildirib ki, Prezident İlham Əliyev dəfələrlə məmurlar qarşısında bu məsələləri qaldırıb: "Kənd təsərrüfatı torpaqlarının təyinatını dəyişib, şəxsi varlanma üçün obyektlər tikib onlardan istifadə edirlər ki, bu da bizim ekologiyamıza təkcə ziyanla kifayətlənmir, insanları narazı salır. İnsanlar məmurlardan narazılıq edirlər və açıq şəkildə bunu bildirirlər".

Nəsirovun sözlərinə görə, yerində olmayan məmurlar həbs edilir, onlar hüquqi müstəvidə cəzalarını alırlar, amma, görünür ki, təkcə cəza mexanizmləri ilə istənilən nəticəni əldə etmək olmur: "Bu istiqamətdə həm də çox ciddi kadr islahatlarına ehtiyac var. Kadrlar dərk etməlidirlər ki, bu, dövlət əhəmiyyətli torpaqlardır, onları mənimsəmək, şəxsi mənafeyi üçün istifadə etmək, ağacları kəsmək qəbuledilməzdir. Burada həm də maarifləndirməyə ehtiyac var".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının quruyan zeytun bağları

Onun fikrincə, xüsusilə gənc kadrlar yüksək vəzifələrə gətirilərkən belə hallara nadirən rast gəlinir: "Qarabağ və Şərqi Zəngəzur zonalarında prezidentin xüsusi nümayəndəlikləri təsis edilir, onların gördükləri işlərdən cəmiyyət də razılıq edir. Deməli, kadrlar yerindədir. Cənab prezidentin qaldırdıqları bu reallıqlar fonunda, yəqin ki, biz növbəti dəfə çox ciddi kadr islahatlarına şahidlik edəcəyik".

"İngilislər demiş, "too little, too late"…"

Ətraf mühiti üzrə ekspert Cavid Qara da AzadlıqRadiosuna bildirib ki, prezidentin bu barədə danışması yaxşı göstəricidir: "Amma indidən sonra ciddi bir fərq olacağı indiki şərtlərlə inandırıcı görünmür. Meşə qırğınları daxil olmaqla, bir sıra problemlər əvvəlki qədər kəskin deyil. Amma ümumi vəziyyət acınacaqlıdır. Azərbaycan ekoloji və su böhranı ilə üzləşib".

Onun vurğulamasına görə, hətta prezidentin Buzovna qayalıqlarının zəbtinə qarşı verdiyi göstəriş də tam icra edilməyib: "Yəni ki, danışmaq, hətta fərman vermək də bəs etmir. Siyasi iradə, vizyon və nəzarət lazımdır. İngilislər demiş, "too little, too late", yəni, çox az və çox gec iş görülür".