Dollar manata nisbətən daha baha olan vaxt artan qiymətlər yüksək olaraq qalır. Halbuki fevral ayından maya kimi dollar 22 qəpik ucuzlaşıb.
Sabit yüksək qiymət idxal edilən AI-95 benzininə də aiddir. Bu benzinin qiymətini Tarif Şurası müəyyən etmir və onu bazar tənzimləməlidir.
2016-cı ilin fevralında dollar 1.6362 manat, həmin benzin 90 qəpik olub. Sonra dollar bahalanıb və 2017-ci ilin fevralında 1.92 manata yüksəlib. Bu zaman AI-95 iki dəfə bahalanıb və qiyməti 1.15 manata çatıb. Hökumət bahalaşmanı manatın ucuzlaşması ilə izah edib.
Amma üç aydır dollar 1.70 manata düşüb sabitləşsə də, AI-95 baha olaraq qalır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunu iqtisadiyyatda inhisarçılıq ilə izah edir. O vurğulayır ki, manat möhkəmlənsə də, heç bir seqmentdə qiymətlər düşmür.
«İdxal bir neçə korporasiyanın əlində cəmləşib, qiymətləri onlar müəyyən edir. Bu da hökumətin əlində büdcəni doldurma alətinə çevrilib», - o hesab edir.
İ.Şaban həmçinin, benzin satan şirkətlərin kartel razılaşması olduğunu bildirib. «Yanacaqdoldurma məntəqələri (YDM) müxtəlif şirkətlərə məxsusdur. Amma qiymətlər hamısında eyni vaxtda artıb. Onların arasında 5 qəpik də fərq yoxdur. Bu, nədənsə Antiinhisar Xidmətində şübhə doğurmur», - deyə o söyləyib.
«Azpetrol» şirkətinin mətbuat katibi Camal Zeynalov bildirib ki, AI-95 benzini uzunmüddətli müqavilə ilə alınıb və o vaxt dollar baha idi. Digər səbəb kimi o, mövsümi amili göstərib. Verilən məlumata görə, yayda «Azpetrol»un benzin aldığı ölkələrdə qiymətlər artır. «Əgər dollar 1.50 manata düşsə, AI-95 ucuzlaşa bilər», - o bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti və Antiinhisar Xidmətindən isə «AI-95 benzininin müxtəlif YDM-lərdə eyni qiymətlərə satılması nədən şübhə doğurmur» sualına cavab almaq mümkün olmayıb.