Avropa İttifaqına üzv ölkələrin liderləri Belarus prezidenti Alyaksandr Lukaşenka və antihökumət etirazlarına qarşı zoraklıqda ittiham olunan daha 14 Belarus rəsmisi üzərinə sanksiyaların qoyulması barədə razılığa gəliblər.
Beləliklə, Avropa İttifaqının 27 üzvü Lukaşenka, habelə onun oğlu Viktor və daha 13 rəsmi üzərinə sanksiya qoyulmasına razılıq verib.
Almaniyanın dpa agentliyinin verdiyi məlumata görə bu sanksiyalar noyabrın 6-dan qüvvədə olacaq.
Belarusda avqustun 9-da keçirilmiş prezident seçksinin nəticələri elan ediləndən bəri bu ölkədə Lukaşenkanın istefasını tələb edən etiraz aksiyaları ara vermir.
Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını iddia edir. Son prezident seçkisində rəsmi nəticələrə görə Lukaşenka qalib gələrək 6-cı dəfə prezident seçilib.
Avropa İttifaqı bundan əvvəl qəbul etdiyi sanskiya siyahısına 66 yaşlı Lukaşenkanı daxil etməmişdi. Ötən ay Belarusda etiraz aksiyalarına qarşı zorakılqı törədilməsində şübhəli bilinən 40-dək rəsmiyə sanksiyalar qoyulmuşdu.
Buna da bax: Lukaşenkanın ‘qırmızı xətt’ xəbərdarlığı
Lukaşenkanın oğlu da siyahıdadır
AFP agentliyi xəbər verir ki, Avropa İttifaqı habelə Lukaşenkanın oğlanlarından biri – Viktorun üzərinə sanksiyalar qoyub. O Belarusda milli təhlkəsizlik müşavirlərindən biri kimi fəaliyyət göstərir.
Alyaksandr Lukaşenka hələ seçkidən əvvəl bir sıra prezidentliyə namziədləri həbs etdirmişdi.
O seçkidən sonra müxalifətin koordinasiya şurasının üzvlərinə qarşı zorakılıq aktlarına qərar vermişdi.
Prezident seçkisində müxalifətin lideri Svyatlana Tixanovskaya qonşu Litvaya qaçmağa məcbur edilib.
Koordinasiya Şurasının daha bir qadın üzvü – Kolesnikova həbs edilib.
Avropa İttifaqı hələ avqust ayıbda Belarus seçkisinin nəticəsini tanımadığını bəyan etmişdi.
İttifaq habelə bildirmişdi ki, Lukaşenkanı legitim prezident hesab etmir.