Azərbaycan XİN ölkədə jurnalistlərin saxlanması ilə bağlı Avropa İttifaqının ittihamlarını “qətiyyətlə rədd etdiyini” bəyan edib. Bəyanatda deyilir:
“Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”.
Bundan əvvəl, dekabrın 21-də Avropa İttifaqı Xarici Fəaliyyət Xidməti Azərbaycanda jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmmədov Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov və Hafız Babalının saxlanması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu saxlanmalar “Azərbaycanda müstəqil jurnalistikanın meydanının daralması və ifadə azadlığına məhdudiyyətlər qoyulması baxımından ciddi narahatlıq doğurur və Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir”.
Avropa İttifaqı habelə insan haqları müdafiəçisi İlhamiz Quliyev və müxalif siyasətçi Tofiq Yaqublunun həbslərindən və tanınmış alim və fəal Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyatr Hacıyevin məhkəməyə qədər saxlanma müddətinin uzadılmasından məyusluq ifadə edib.
Avropa İttifaqı Azərbaycanı bütün saxlananların azad edilməsinə çağırır.
Bəyanatda bu da deyilir ki, Aİ Azərbaycanla insan haqları sahəsində dialoq və əməkdaşlığın davam etdirilməsinə hazırdır.
Xatırlatma
Son aylar Azərbaycanda Abzas Media nəşrinin direktoru Ülvi Həsənli, redaktoru Sevinc Vaqifqızı, orada işdədiyi bildirilən Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı, Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov, aparıcı Rüfət Muradlı və Kanal 11 internet televiziyasının rəhbəri Teymur Kərimov həbs edilib.
Onlar əsasən qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə ittiham edilirlər. Amma ittihamların qurama olduğunu, bunun peşə fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.