Bayram Məmmədov ekspertizadan keçirilməsini istəyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

«Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası almış və hüquqlarını müdafiə etdiyim Bayram Məmmədovla aprelin 3-ü saat16-17 radələrində görüşə bildim».

Bunu vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, B.Məmmədovla görüş ala bilməməyi ilə bağlı Ombudsman Aparatını məlumatlandırıb: «Bu barədə Ombudsman Aparatını məlumatlandırdım və yalnız bundan sonra görüşə icazə verdilər, görüş bir saatdan çox çəkdi».

E.Sadıqov deyib ki, müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması barədə şikayətinə görə baş prokurora, onun birinci müavininə, Bakı şəhər prokuroruna, Binəqədi rayonu prokuroruna və daxili işlər nazirinə müraciət edib. «Bayram Məmmədov işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir», - deyə vəkil bildirib.

Vəkilin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa sözügedən rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ailəsi Bayram Məmmədovla görüşə bilməyib

Bu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs alan gənc fəal Bayram Məmmədovla görüşmək cəhdləri, hələlik, nəticə vermir.

Gənc fəalın ailəsinin bildirməsinə görə, bu gün, aprelin 3-də Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasına, B.Məmmədovla görüşə yollanıblar.

«Getdik Bayramla görüşə, görüş vermədilər. Azuqəni də götürmədilər. Deyirlər ki, Bayrama olmaz, vəssalam», - gənc fəalın ailəsindən bildiriblər.

Gənc fəalın vəkili Elçin Sadıqov da aprelin 3-ü günün birinci hissəsi Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasına getdiyini bildirib: «Mənə yenə də Bayram Məmmədovla görüş vermədilər. Dedilər ki, saat 15-dən sonra gəlin».

Buna da bax: Q.İbrahimov: 'Yəqin mesaj verirlər ki, sizi buraxmağa məcbur qaldıq, amma...'

Hazırda vəkilin telefonuna zəng çatmır. Vəkil bundan əvvəl də gənc fəalla görüşmək cəhdinin nəticə vermədiyini açıqlamışdı. E.Sadıqovun sözlərinə görə, təcridxana rəhbərliyi bunu müəssisədə müəyyən işlərin aparılası ilə əsaslandırıb. «Dedilər ki, sanitariya-dezinfeksiya işləri aparılır, yalnız aprelin 3-də görüş verə bilərlər», - vəkil aprelin 1-də deyirdi.

Ailəsinin və vəkilinin bu açıqlamasına, hələlik, Binəqədi Müvəqqəti Saxlanma Təcridxanası və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma gənc fəalla bağlı Sabunçu Rayon Məhkəməsinin martın 30-da verdiyi inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib. Bu ittihamı da qəbul etməyən B.Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyün açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Buna da bax: Bayram Məmmədov: 'Yumruq-təpiklə döyürdülər'

Rəsmi qurumlardan, hələlik, gənc fəalın işgəncələrlə bağlı dediklərinə də münasibət almaq mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə şikayətlərini qəbul etmirlər. Onlar belə şikayətləri, əsasən, əsassız hesab edirlər.

Xatırlatma

B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.