Qazaxıstandakı aksiyalarda etirazçıların qeyri-rəsmi liderlərindən biri, siyasi fəal və hüquq müdafiəçisi 64 yaşlı Meyrxan Abdumanapov Almatıda baş verənlərlə bağlı “Siberia.Realii” saytına danışıb.
Onun sözlərinə görə, etirazçılara qarşı güc tətbiqi yanvarın 6-sı təxminən səhər saat 9 radələrində başlayıb. Onun dediyinə görə, həmin vaxt Nursultan Nazarbayev küçəsində olan meydanda üzərində pulemyot olan hərbi yük maşınları, minik avtomobilləri və bir neçə zirehli transportyor peyda oldb. Əsgərlər oradan çıxıb bütün perimetr boyu meydanı mühasirəyə alıblar.
Buna da bax: Rusiya təyyarələri Qırğızıstandan Qazaxıstana paraşütçülər, texnika və sülhməramlılar çatdırıb"Sonra mən də daxil olmaqla, ən yaşlı səkkiz nəfər etirazçılar adından ağ bayraq və əl qaldıraraq danışıqlar aparmağa getdik. Gecələr düşərgəni qorumaq üçün istifadə etdiyimiz şitləri keçəndə bizə atəş açmağa başladılar. Bunlar xəbərdarlıq atəşləri idi. Amma yanımda yaşı 50-dən yuxarı olan bir kişi qəfil yerə yıxıldı. Güllə onun sol bud nahiyəsinə dəymişdi. O an biz artıq hasara doğru geri çəkildik. Amma yaralını götürmək üçün geri qayıtdım. Çətinliklə onu qaldırıb hasarın yanına apardım, oradan da xəstəxanaya göndərdik. Atışma dayandı. Biz əlimizi yelləməyə, danışıqlar təklif etməyə davam etdik. Qazax dilində səsgücləndirici ilə bizə xəbərdarlıq etdilər ki, yaxınlaşmayın. Nəticədə 10-15 dəqiqədən sonra - görünür, məsləhətləşirdilər - bir zabit yanımıza gəldi.
Adını və soyadını verdi, indi xatırlaya bilmirəm. O dedi: "Bəli, mən o poqromçuların kimlər olduğunu bilirəm, onlar siz deyilsiniz. Nümayişi davam etdirə bilərsiniz, yeganə şərt budur: təsadüfən sizin aranızda silahlı gənclər olarsa, onları özünüz zərərsizləşdirin, çünki, Allah eləməsin, əsgərlərimdən kimisə yaralasalar, cavab atəşi açacağıq – bunun nəticələrinə görə mən cavabdeh deyiləm”.
Düşərgəyə qayıtdıq. Bir neçə min adamın içərisində yalnız beşində silah var idi. Biz onları zorla tərksilah edə bilməzdik, qorxurduq ki, biz silahsız onlar silahla bizə atəş aça bilərlər. Biz onlardan getmələrini istədik və getdilər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hadisələrin sonrakı inkişafına toxunan Meyrxan Abdumanapovun dediyinə görə, səhər saat 9-dan, axşam saat 6-ya qədər sakitlik olub. Amma sonra onlara etirazçıları dağıtmaq üçün meydana əlavə qüvvələr yeridiləcəyi ilə bağlı xəbərdarlıqlar gəlib:
"Günün ikinci yarısında düşərgəyə mesajlar gəlməyə başladı: "Dağılın, şəhərə əlavə qüvvələr gəlib: Rusiya qoşunları və KTMT bölmələri, belarus, erməni və digərləri, güc yolu ilə dağılacaqlar". Bu məsləhətlə şəxsən mənə beş nəfər zəng etdi. Və hər dəfə mənə zəng edənlər məlumatın “mötəbər mənbələrdən” olduğunu iddia edirdilər. "Bu gün axşam ya da gecə öldürmək üçün atəş açacaqlar." Məlumatı nəzərə aldıq, amma inanmadıq. Bəzi fəallar isə sonda oranı tərk edərək özləri ilə gələn insanları da apardılar.
Məsələn, səhər danışıqlarında əvvəlcə qərargah rəhbəri təyin etmək fikrində olduğumuz köhnə müxalifət lideri Jasaral Kuanyshalin və ya Janbolat Mamai kimi tanınmış fəal iştirak edirdi. O da dağılışmağa çağırdı. Deyəsən, bundan sonra onu buna görə döyüblər".
Meyrxan Abdumanapov deyir ki, o meydanda qalmağı qərara alıb, dağılışmağın xəyanət olduğunu düşünüb.
"Hava qaralanda, saat 18:30 və ya 18:40-da meydanda pulemyotlu zirehli transportyorlar göründü. Əvvəlcə şərqdən, sonra qərbdən. Xəbərdarlıq etmədən öldürmək üçün atəş açmağa başladılar. İnsanlar dağıldı, gördüm ki, bəziləri yıxılıb. Mən özüm öz gözlərimlə yeddi nəfəri gördüm. Biri qolundan, biri başından yaralanmışdı. Onlardan ikisini çıxara bildik, yaralıları, qalanlarını çıxara bilmədik. Lap gənc iki qız və bir oğlan, artıq onlarda həyat əlamətləri görünmürdü. Başqa bir yaşlı yaralı var idi onu qaldırıb aparmağa çalışdım, amma bacarmadım.
Daha bir nəfəri çıxarmağa çalışarkən lap yaxınlığıma bir-neçə güllə düşdü, amma möcüzəli şəkildə mənə dəymədi və mən ərazini tək etməli oldum. Budur telefonumda qalıb, saat 19:01 -də təcili yardıma zəng etdim ki, bizim çıxara bilmədiyimiz yaralıları çıxarsınlar.
Biz güllə yağışı altında meydanı tərk etməyə məcbur olduq. Yolda bir minik maşını gördüm. İki gənc oğlan var idi, biri sükan arxasında, digəri onun yanında. Maşın işə salındı, görünür, onlar maşınla getməyə çalışırdılar, lakin ön şüşə və arxa şüşələr vuruldu və gənclər artıq ölmüşdülər...
Meydandan uzağa getmədik, həyətlərdə gizləndik. Və iki saatdan sonra meydana qayıdıb yaralıların aparılıb-aparılmadığını bilmək istədik, amma onları hələ də aparmamışdılar. Təkcə meydanda nə qədər insanın öldüyünü bilmirik.
Buna da bax: Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri həbs edilibMeyrxan Abdumanapovun sözlərinə görə, sonra yenidən atəş açmağa başlayıblar və onlar geri çəkilməyə məcbur olublar. Əsgərlərin hamısı təpədən dırnağa qədər qara geyimdə idi. Əgər səhər bizimlə ancaq qazaxca danışırdılarsa, o biri tərəfdə də bizimkilər qazaxlar idisə, bu dəfə səsgücləndiricidən yalnız rus dilində səs gəlirdi.
-Etirazı dağıtmaqda iştirak edən əsgərlər rusca danışırdılarmı?
- Bəli. Bu dəfə əsgərlər bizə ancaq rus dilində müraciət etdilər. Və hədə-qorxu ilə: “Ərazidən azad olun, atacağıq”. Qazax dilində bir kəlmə də yox idi. Buradan belə nəticəyə gəldik ki, bunlar rus qoşunlarıdır. Necə ki, günortadan sonra bizə xəbərdarlıq edilmişdi.
Orda.kz nəşrinin baş redaktoru Gülnarə Bajkenova-nın sözlərinə görə, o, həmkarları ilə yanvarın 7-si axşam, Respublika meydanında - etirazçıların düşərgəsi dağıdılandan sonra olub.
O, “Siberia.Realii” saytına müsahibəsində bildirib ki, onların çəkiliş qrupu aşmış maşının şəklini çəkmək istəyib, lakin bu zaman onların üzərində hərbi “Hummer” hərəkət edib və səsgücləndiricidən onlara atəş açacaqları barədə xəbərdarlıq eşidilib.
Bundan sonra Gülnarə və həmkarları sürətlə meydanı tərk ediblər. - Bəli, rusca səsgücləndiricidən bizə xəbərdarlıq etdilər. Amma onu deyim ki, Qazaxıstan təhlükəsizlik işçiləri də vətəndaşlara tez-tez rus dilində müraciət edirlər. Gənc əsgərlər, cənubdan gələn çağırışçılar, bəlkə də, rus dilini o qədər də yaxşı bilmirlər, amma burada təmiz rus nitqi var idi. Amma qazax zabiti də ola bilərdi. Yanvarın 7-də meydanda olan və düşərgənin dağıdılmasını görən bir neçə nəfərlə danışdım. Onların heç biri dəqiq deyə bilmədi ki, onlar kimin təhlükəsizlik qüvvələri olub – qazaxıstanlı, yoxsa rusiyalı.
Bu gün biz yenidən meydanda olduq və həmkarım gördü ki, artıq KTMT qoşunları orada yerləşdirilib. Dediyinə görə onları formalarındakı işarələrdən tanıyıb. Mən mübahisə etməzdim ki, 7-ci axşam düşərgəni dağıdan ruslar olub"- Orda.kz nəşrinin baş redaktoru Gülnarə Bajkenova bildirib.
Bu arada, yanvarın 6-da KTMT-nin baş katibi Stanislav Zas RİA-ya müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qazaxıstanda nümayişlərin dağıdılmasında iştirak etməyəcəyini bildirib.
Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, indiyə qədər aksiyalarla bağlı 4266 nəfər saxlanılıb.
Buna da bax: Qazaxıstan müxalifəti səsini ucaldır: ‘Biz terrorçu deyilik!’