"Əks halda bölgələrdəki etirazları səngitmək mümkün olmayacaq"

Lənkəranda aksiya, 12 yanvar

►“Camaatın xeyli hissəsi kredit girovuna çevrilib. O borcu qaytarmağa imkan yoxdur."

Bir gündə üç fərqli bölgədə bahalaşmaya etiraz olaraq aksiya keçirilir. Hətta etirazçılardan biri bıçağın sümüyə dirəndiyini göstərmək üçün canına qıymaq - özünü damdan atmaq istəyir. Aksiyaların eyni gündə baş verməsi təsadüfdürmü?

Yoxsa son bir ildə iki devalvasiyanın çətinliklərini dərisində hiss edən xalqın spontan etirazlarıdır?

Siyasi şərhçilər Şahin HacıyevAzər Rəşidoğlu ilə bu suallara cavab axtardıq.

Azər Rəşidoğlu bu etirazların gözlənilən olduğunu düşünür.

– İqtisadi böhran o həddə çatıb, hökumətin antiböhran tədbirlərini həyata keçirməkdə buraxdığı səhvlər o dərəcədə dərinləşib ki, bölgələrdə əhalinin ayağa qalxacağını və etiraz edəcəyini əvvəlcədən ehtimal etmək mümkün idi. Düşünürəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti, media, azad müxalifət tamam sıradan çıxarıldığı üçün yaxın zamanlarda hərəkətverici amil məhz bölgələrdəki əhalinin spontan aksiyalara çıxması olacaq. Ən yaxın vaxtlarda biz bölgələrdə kütləvi xalq etirazlarının şahidi olacağıq. Hakimiyyət antiböhran tədbirləri görməsə, qısa zamanda bütün əyalətlər ən müxtəlif etiraz aksiyaları ilə alovlanacaq.

Azər Rəşidoğlu

– Bu, təhlükəlidirmi?

– Acınacaqlı odur ki, müxalifət və ya hər hansı siyasi qüvvə aksiya keçirdikdə onu tənzimləmək mümkün idi, ancaq indi spontan xalq etirazlarını tənzimləmək mümkün olmayacaq. Biz bunun ilkin işartılarını Quba və İsmayıllıda görmüşük. Belə bir qarşıdurma son nəticədə bölgə rəhbərliyinə deyil, siyasi rəhbərliyə yönələcək. Hansısa mərhələdə hakimiyyətin silah işlədə biləcəyi belə istisna deyil. O baxımdan düşünürəm ki, hökumət təcili antiböhran tədbirlərini açıqlamalı, inhisarı aradan qaldırmalı və regionlarda əhalini boğaza yığmış icra başçılarını dəyişdirilməlidir. O cümlədən, mərkəzi icra hakimiyyətlərində də ciddi kadr islahatları aparılmalıdır. Əks halda bölgələrdəki etirazları səngitmək mümkün olmayacaq və istisna deyil ki, hansısa məqamda xarici qüvvələro aksiyaları öz maraqları ilə uzlaşdıra bilərlər.

– Həmin aksiyaları hakimiyyətdaxili qrupların təşkil etməsi haqda ehtimallar da səslənir. Bu nə qədər real səslənir?

– Azərbaycanda artıq monolit hakimiyyət yoxdur. Mərkəzdənqaçma tendensiyaları güclənib. Bu baxımdan ayrı-arı məmurların bir-birinə güc göstərməsi mümkündür, xüsusən də yeni baş nazirin, 2018-ci ildə prezidentliyə namizədin kim olacağını müəyyənləşdirmək üçün həmin hakimiyyətdaxili klanların bir-birinə əzələ nümayiş etdirməsi mümkündür. Bunun tərkib hissəsi kimi də bölgələrdə əhalinin ayağa qalxması variantları istisna deyil. Ancaq bütün bunlarla yanaşı əhali yaşayışından narazıdır və əsas motiv əhalinin sosial problemlər içində çabalamasıdır. Başlıca hədəf kimi də bunu göstərmək lazımdır.

Buna da bax: Erdogan deyir ki, partlayışı intiharçı törədib- [Fotolar, Video]

“AĞLIBAŞINDA OLAN OLİQARX, MƏMUR BUNA GETMƏZ”

Şahin Hacıyev

“Turan” İA-nın redaktoru Şahin Hacıyev baş verənləri sosial partlayış adlandırmağa tələsmir. Amma sosial vəziyyətin nə qədər ağır olmasının təsdiqi kimi dəyərləndirir:

– Son devalvasiya vəziyyəti gərginləşdirdi. Dövlət qurumları birbaşa qənaətə keçdilər. Qənaət də nə deməkdir? İşsizliyin artması, xərclərin azaltmaq yönündə impulsiv addımlar... Sosial müdafiədən məhrum insanlar işsiz, gəlirsiz qalır və onlara heç nə təklif edilmir. Səbəb bundadır.

– Etirazların belə qısa zaman içində üzə çıxaması nə qədər gözlənilən idi?

– Narazılıq uzun illərdi yığılırdı. Bir də bu problem konkret bir ailəyə toxunmayana kimi keçinmək olurdu. Ancaq mənfi enerji o həddə çatdı ki, artıq nəzarətdən çıxmağa başladı. Baş verənlər cəmiyyətdə olan neqativ hisslərin dərəcəsini göstərir. İndiyə kimi gəlirlər hesabına bu necə deyim bir növ neytrallaşdırılırdı. Bir şey də var. Camaatın xeyli hissəsi kredit girovuna çevrilib. O borcu qaytarmağa imkan yoxdur. Bu psixoloji baxımdan ailələrə mənfi təsir edir, stress yaradır, bu halda adam özünü yandıra da bilər, beşmərtəbədən özünü ata da bilər, küçəyə çıxıb etiraz da edə bilər. İstənilə halda, bu idarəolunmayan proseslərdir və uzunmüddətli proseslərin nəticəsidir.

– Sizcə, bu prosesləri hakimiyyət daxilində və ya xaricdən körükləyən qüvvələr varmı?

– Ağlı başında olan oliqarx və ya məmur buna getməz, ilk növbədə təhlükəsizliyini düşünər. Yəni buna toxunulmasını, problem yaradılmasını istəməz. Bilərəkdən vəziyyəti gərginləşdirmək, camaatı küçələrə tökmək onların maraqlarına ziddir. Ona görə o ehtimalı bölüşməzdim.