Qaz idarəsinin işçiləri niyə döyülür?

Arxiv foto

►“İdarə işçisinin vəzifəsi yoxlama aparmaqdır, bilməlidir nə var, nə yox. Qapıya yaxınlaşır, ev sahibi hədələyir, deyir, “iti açaram, üstünə buraxaram””

“Yemək, çay hazırladığın yerdə bir də gördün, qaz kəsildi. Nə xəbərdarlıq edirlər, nə qapını döyüb bir söz deyirlər. Elə küçədəcə qaz xəttini kəsib gedirlər”.

Cəlilabadın Alar kənd sakini Əzim Hüseynov AzadlıqRadiosuna danışır ki, iki həftə əvvəl kənddə qaz idarəsinin işçiləri döyülüb. Ancaq bu, kənddə ilk hadisə deyil. İdarənin işçiləri ilə abonentlər arasında tez-tez belə münaqişələr baş verir. Səbəb isə idarə işçilərinin abonentlərlə davranışıdır:

“Hava soyuq, evdə körpə, qoca... Nə qocanın yalvarışına məhəl qoyurlar, nə körpə bilirlər. Evində xəstə olan adam qaz idarəsinin işçisindən dəfələrlə xahiş edir ki, “a kişi, borcum var, yarısını ödəyim, yarısını da sonra ödəyərəm, qazı kəsmə. Evdə xəstəm var, körpəm var”. Fəhlə kobudluq edir, ev sahibini o dərəcəyə çatdırır ki, ona əl qaldırsın. Sonra da tez 102-yə zəng vurur, polisi, həkimi əraziyə tökür”.

Kənddə sonuncu belə hadisə martın 28-də yaşanıb. Borclu abonentlərin qaz xətlərini kəsən qaynaqçı döyülüb. Onları ayırmaq istəyən digər iki əməkdaş da xəsarət alıb. Hər üç əməkdaş mərkəzi rayon xəstəxanasına götürülüb. Onlardan biri qaz idarəsinin sürücüsü Mirələm Təhməzov olub: “Gördüm ki, qaynaqçını döyürlər, araya girdim ki, ayıram, özümün də dişlərimi sındırdılar”.

“ABONENT DEYİR, AL BU 5 MANATI”

Kənd sakini Əzim Hüseynov hesab edir ki, sosial durumları insanların əsəblərini tarıma çəkib:

“Bizim kənddə adamlar bilmir qarınlarını doyursunlar, maşınla su, yoxsa uşağın ayağına ayaqqabı alsınlar. Hamının dükana borcu var. Ailələr var ki, 1 ildir çörəyi mağazadan pulsuz alıb uşağına yedirdir. Belə bir vaxtda qaz idarəsinin işçiləri abonentlərlə ortaq razılığa gəlməlidilər. Abonent deyir, “al bu 5 manatı, borcdan sil, ancaq qazı kəsmə, soyuqdur”. Bununla razılaşmaq lazımdır”.

Kənd sakini təklif edir ki, abonentlərlə işləyən qurumlara işçi qəbul edəndə əvvəlcə onunla maarifləndirmə işləri aparsınlar. Abonentlə davranış qaydalarından imtahana çəksinlər.

___________________________________________________________

Bunlara da bax:
Astara qəbiristanlığında başdaşılar sındırılıb
Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

___________________________________________________________

FƏHLƏ ABONENTƏ GÖRƏ ÇALIŞIR

Oxşar hadisə bu ilin fevralında Bakıda da baş verib. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Ramil Məmmədov Suraxanı rayonu ərazisində abonentlər tərəfindən qaz açarı aləti ilə necə döyülübsə, xəstəxanalıq olub.

İlin əvvəli isə Türkan qəsəbəsində qaz qaynaqçısı Məhərrəm Məhərrəmovu döyərək onurğa sütununu sındırmışdılar.

Cəlilabadın qaz idarəsindən “Qaynar xətt”ə bildiriblər ki, abonentlərlə idarə işçiləri arasında əksər hallarda mübahisə aşkarlanmış qanunsuz qaz xətlərinin kəsilməsi vaxtı baş verir:

“Əksinə, çox vaxt abonent “sayğaca yaxın gəlmə, qapıya yaxın gəlmə”, deyir. İdarə işçisinin vəzifəsi yoxlama aparmaqdır, bilməlidir nə var, nə yox. Qapıya yaxınlaşır, ev sahibi hədələyir, deyir, “iti açaram, üstünə buraxaram” və sairə. Axırda da məlum olur ki, hardansa qeyri-qanuni xətt çəkib gətirib. Yaxud da standarta uyğun olmayan istilik cihazından istifadə edir. Fəhlə də abonentə görə çalışır ki, o standartdankənar cihazdan istifadə edib həyatını təhlükəyə atmasın”.

Buna da bax: Ermənilər Azərbaycana görə Rusiyaya etiraz edir

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı