Moskva ətrafında "Rus dünyası"nın sağçı radikal filosofu və ideoloqu Aleksandr Duqinin qızının avtomobili partlayıb. Hadisə avqustun 20-də baş verib.
Rusiya İstintaq Komitəsi ictimai təhlükəli şəkildə törədilmiş qətl faktı ilə bağlı cinayət işi açıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil hərəkətdə olarkən partlayıb və sükan arxasında olan qadın həlak olub. İstintaq Komitəsi bunun Darya Dugina olduğunu təsdiqləyib.
Darya Dugina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi olub.
“Kommersant”ın məlumatına görə, şənbə günü Aleksandr Duqin qızı Darya ilə birlikdə Prezident Mədəniyyət Təşəbbüsləri Fondu, Moskva vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və Odintsovo Administrasiyasının dəstəyi ilə keçirilən “Ənənə” vətənpərvərlik festivalında iştirak edib.
Tədbir başa çatdıqdan sonra Duqin və qızı birlikdə yola düşmək niyyətində olsalar da, sonda onlar müxtəlif avtomobillərə miniblər.
Duqin, Rusiyanın Ukraynaya səbəbsiz işğalının memarı və ya “mənəvi bələdçisi” kimi təsvir edilən ifrat sağçı rus müəllifi və ideoloqudur. O, həm də Ukraynanın bütün ərazisinin işğalının tərəfdarı hesab olunur. Onun Rusiya prezidenti Vladimir Putin üzərində güclü təsiri olduğuna inanılır. Beynəlxalq mediada o, “Putinin beyni” adlandırılır.
Duqinin ideyalarının Kremlin siyasətinə təsir etdiyi güman edilir. Atasının fikirlərini bölüşən Darya Dugina elə atası ilə birlikdə Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmişdi.