Ermənistan bundan əvvəl olduğu kimi regionda ədalətli və uzunmüddətli sülhün bərqərar edilməsinə tərəfdardır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan Avropa Şurası parlament başçılarının Dublində keçirilən konfransında deyib:
“Ümid edirik ki, Ermənistan, Azərbaycan, Almaniya, Fransa və Aİ liderlərinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi İcmasının sammiti çərçivəsində keçiriləcək görüşü irəliyə doğru addım olacaq. Ermənistan baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev arasında razılaşdırılmış və Avropa Şurasının sədri Şarl Mişel tərəfindən təqdim olunmuş sülh yanaşmasını qəti şəkildə dəstəkləyir”.
Buna da bax: 96 konqresmen Bayden administrasiyasını Bakıya sanksiyalara çağırır
Ermənistan hökumətini devirmək istəyirlər
Simonyan vurğulayıb ki, Yerevan suverenlik, yurisdiksiya və qarşılıq əsasında gələcək nəqliyyat razılaşmalarını alqışlayır.
Ermənistan parlamentinin spikeri Aİ də daxil beynəlxalq icmanı bu prosesi dəstəkləməyə çağırıb:
“Bugün bəzi ölkələr Ermənistana qarşı hibrid müharibəsi aparırlar. Bunun ikili məqsədi var: demokratik seçilmiş hökuməti devirmək və “təmsilçi demokratiya” anlayışını gözdən salmaq”.
Simonyan söhbətin konkret olaraq hansı ölkələrdən getdiyini açmayıb.
O deyib ki, demokratiya, qanunun aliliyi, insan haqlarına ehtiram və dinc yanaşı yaşama bəşəriyyətin sülh və harmoniyada yaşamasının əsas dayaqlarıdır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bundan əvvəl
Bu həftə Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev və Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Siyasi İcmasının oktyabrın 5-də Qranadada keçiriləcək üçüncü sammitinin əsnasında mümkün görüşü məsələsini müzakirə ediblər.
Aİ ümid etdiyini bildirib ki, Bakı və Yerevan Qranada görüşündən Praqa və Brüssel razılaşmalarına uyğun olaraq bir-birlərinin ərazi bütövlükülərini və suverenliklərini bir daha təsdiq etmək üçün istifadə edəcəklər.
Buna da bax: Azərbaycan-Fransa parlament əlaqələri dayandıXatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.