Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və digər vəzifəli şəxslərdən 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkil Cavanşir Süleymanov Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovu, onun oğlu Şamxal Həsənovu və baldızı Gülər Vəliyevanın məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.
Vəsatəti baxılmamış saxlanılıb, hakim Azər Paşayev vəsatətə növbəti proseslərdə münasibət bildirəcəyini qeyd edib.
İttihamda olanlar...
Prosesdə ittiham aktı elan olunub. İttihama görə, KİVDF-yə ofis məqsədilə icarəyə götürülmüş sahə üçün maya dəyərindən artıq pul köçürülüb və bu məbləğ hər ay üçün 12 min 800 manat təşkil edib.
Bundan əlavə iddia edilir ki, Vüqar Səfərlinin göstərişi ilə "Futbol+Qol" qəzetinin buraxılışları üçün həyat yoldaşı Günel Səfərlinin hesabına 229 min manat vəsait köçürülüb…
Təqsirləndirilən şəxslər özlərini müqəssir bilmirlər.
İttiham aktında başqa iddialar da yer alıb.Amma təqsirləndirilən şəxslər özlərini müqəssir bilmədiklərini söyləyiblər.
Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham verilib.
Növbəti proses sentyabrın 3-ə təyin edilib.
Buna da bax: Keçmiş nazir müavininə 8 il həbs verilibXatırlatma
V. Səfərli 2009-cu ildə KİVDF təsis olunandan 2020-ci ilə qədər həmin Fonda rəhbərlik edib. O, 2021-ciil yanvarın 14-də həbs edilib.
V.Səfərli həbsindən öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Fondun fəaliyyəti ilə bağlı cinayət işi üzrə bir neçə dəfə dindirilib. Həmin ərəfədə verdiyi müsahibələrdə suçlamaları qəbul etməmişdi.
2021-ci il yanvarın 12-də prezidentin fərmanı ilə KİVDF ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.