"Hökumət təhsilimiz üçün pul ayırır, yaxşı oxuyanda hələ təqaüd də verir. Universiteti bitirəndə isə qalırıq işsiz, bizə tökdüyü pullar da sanki gedir zibil qabına", – bu sözləri AzadlıqRadiosuna dövlət sifarişli ixtisasdan 6 il öncə məzun olan, amma hələ də iş axtaran Pərvanə Mustafayeva deyib.
Hər iki tələbədən biri pulsuz oxusa da...
2022-2023-cü tədris ilində rəsmi məlumatlara görə, Azərbaycanın 54 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Eyni zamanda, orta ixtisas təhsili müəssisələrində 50 minə yaxın tələbə oxuyur. Ümumilikdə, 237 minə yaxın tələbənin 130 mini dövlət sifarişli təhsil alır. Yəni hazırda tələbələrin 51 faizinin ödənişi dövlət büdcəsi hesabınadır. Hesablamalar isə göstərir ki, universitetə qəbul olan hər iki tələbədən biri dövlət büdcəsindən ayrılan vəsait ilə təhsilini davam etdirir.
Pərvanə Mustafayeva regionşünaslıq ixtisası üzrə dövlət sifarişi ilə təhsil alıb. Oxuduğu ixtisasın ödənişinin illik 2 min 200 manat olduğunu xatırladan Mustafayeva qeyd edir ki, yüksək bal ilə girdiyi üçün dörd il boyunca bu pul dövlət büdcəsindən ödənilib. Hazırda işsiz olan 29 yaşlı xanım "dövlət bizə pul tökür, büdcədən pul ayırır ki, kadr yetişsin, amma sonra həmin tələbələri yada da salmır", – deyə gileylənir. O, iş üçün müraciətlərində pulsuz təhsil aldığını, 600 bal ilə bu ixtisası seçdiyini də qeyd etdiyini vurğulayır.
"Amma mən saydığımı saydım, heç fələk də məni saymadı. Hazırda işsizəm... Təyinat olmalı idi, ən azından işə qəbul üçün müsahibə olaydı, dövlət sifarişi ilə təhsil alanlar az maaşla da olsa, təyin edilərdi hansısa idarəyə. Əgər bizi havada saxlayacaqdısa, dövlət niyə o ixtisas yerinə büdcədən pul ayırmaqla yer təyin edirdi", – Mustafayeva soruşur və bəzi akademiyaların tələbəsinə sahib çıxdığını da sözlərinə əlavə edir.
Azərbaycanda 54 ali təhsil ocağından yalnız 7-si məzunlarını işlə təmin edir. Onların arasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, güc nazirliklərinin akademiyaları, hərbi məktəbləri var. Azərbaycan Tibb Universitetini hərbi həkim işi üzrə bitirənlər işlə təmin olunurlar. Ən reytinqli universitetlərdən hesab olunan Azərbaycan Diplomatik Akademiyasında da məzunların işlə təmin olunması ilə bağlı heç bir söz verilmir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tələbələr də narahat, narazı, ümidsiz...
Hazırda Bakı Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə təhsil alan 20 mindən çox tələbənin azı 14 mini dövlət sifarişi əsasında oxuyur. 2022/2023-cü tədris ilində BDU-nun magistraturasında 1 min 966 tələbə təhsil alır ki, onların da 1 min 203 nəfəri dövlət sifarişi əsasındadır.
Azərbaycanın ən qədim universiteti sayılan BDU-da 4-cü kurs tələbəsi AzadlıqRadiosuna danışır ki, dövlət sifarişi əsasında qəbul olanda üstünlüklər qazanacağını düşünürdü. İndi isə onu gələcək iş qayğıları bürüyüb.
"Valideynlərim dedilər ki, universiteti pulsuz oxu, iş tapa biləcəksən. Dörd il gecəmi-gündüzümə qatıb təqaüd də aldım. Qrup yoldaşlarımın bəziləri pullu oxuduğu üçün bilirəm ki, bu dörd ildə dövlət mənim əvəzinə 8 min manatdan çox vəsait ödəyib universitetə. Düşünürdüm ki, bu qədər pul ödəyirsə dövlət, deməli, biz ona lazımıq. Amma artıq üç-dörd aya məzun oluruq, ən yaxşı ortalaması olan tələbəyə belə hər hansı imtiyaz, ya da güzəşt təklifi gəlməyib. Düşünürdüm ki, psixologiya bu ölkə üçün lazımdır deyə, büdcədən pul ayrılır. Təkcə bizim qrup üçün dörd il ərzində azı 160 min manat xərclənib. Biz işə təyin edilməsək, həmin pul itir-batır. Ölkədə şəffaf işə qəbul da olmadığından ümidsiz və narahatıq ki, iş tapa bilək..", – o, giley-güzar edir.
Sovetin vaxtında belə deyildi..
Adının açıqlanmasını istəməyən Seyidov hazırda dövlət idarələrinin birində 40 ilə yaxındır ki, çalışır. Vaxtı ikən universiteti bitirən kimi bu vəzifəyə təyinat alan müsahibimizin fikrincə, bu ənənə onun ətrafındakı insanların da işsiz qalmamasına təsirsiz ötüşmürdü.
"Sovet dövründə pulsuz oxumuşam, gecə növbəsi idim. Bizim dövrümüzdə tələbə potensial işçi idi. Ona görə də universiteti bitirən kimi məni indi çalışdığım yerə təyin etdilər. Əvvəlcə siravi kimi başlamışdım, maaş da çox deyildi. İndi isə həm yaxşı gəlirim var, həm də işin əhliyəm... İndi qırmızı diplomlu qızım işsizdir... Bizim vaxtımızda axı təhsil alan da az idi, dövlət yaxşını-pisdən ayıra bilirdi. İndi yəqin bacarmır. Amma çox istəyərəm ki, təyinat ilə işə qəbul, heç olmazsa, pulsuz oxuyanlara, qırmızı diplomlulara şamil edilsin", – Seyidov bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qanun deyir ki...
Azərbaycanda əmək qanunvericiliyinə görə, işə götürüləndə şəxsin dövlət sifarişi ilə təhsil alması heç bir hüquqi fərq yaratmır. Dövlət qulluğuna qəbulda test və müsahibənin nəticəsi nəzərə alınır, burada da dövlət sifarişi ilə oxumağın heç bir üstünlüyü yoxdur. Özəl sektorda 20-dən çox vakansiya ilə maraqlandıqda bunun şirkətlər üçün də əhəmiyyət kəsb etmədiyi bəlli olub.
Dövlət işinə qəbul olanda, fərqlənmə diplomlu məzunlar 20 manat daha çox məvacib alır. Bu il təsdiqlənən Vahid Tarif Cədvəlinə əsasən, 11-ci təsnifat üzrə əməkhaqqı 518, 12-ci təsnifat üzrə isə 538 manatdır. Lakin qırmızı diplomsuz, amma dövlət sifarişi ilə təhsil alanlar heç bir üstünlük əldə etmir.
2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3 milyard 155 milyon manat ayrılıb ki, bu vəsaitin də 332.9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura tələbələrinə xərclənib, onların təhsil haqqı kimi universitetlərə ödənilib.
"Bəzi ixtisaslar üçün ayrılan pul heyfdir"
İqtisadçı Fərid Abbasov bildirir ki, real göstəriciləri 5 faizdən qat-qat artıq olan işsizliyin qarşısını almaq üçün uyğun ixtisaslara dövlət pul ayırıb, daha sonra iş ilə təmin etməlidir.
"Təkcə iki il əvvəlki rəqəmlərə fikir versək, dövlət büdcəsindən ayrılacaq pul hesabına beynəlxalq münasibətlər ixtisası üzrə 170-dən çox yer ayrılıb. Azərbaycanda beynəlxalq münasibətlər üzrə 170 nəfərin dövlət sifarişi ilə təhsil alması üçün büdcədən universitetlərə hər il 357 min manat pul ödənilir. Bu, sadəcə dövlət resursunun israfıdır. Ölkədə kadr ehtiyacı olan sahələr üçün dövlət sifarişli təhsil təşkil edilməlidir. Məsələn, elmi kəşflərin inkişafı üçün dəqiq elmlərə", – deyən iqtisadçının fikrincə, dövlət büdcəsindən ayrılan pulun düzgün xərclənməsi üçün əvvəlcə əmək bazarında monitorinqlər aparıb pul ayrılması vacib ixtisaslar müəyyən edilməlidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bir çox ekspertlər ölkədə təhsil haqlarının çox yüksək olduğunu vurğulayırlar. Məsələn, kompüter elmləri, kompüter mühəndisliyi, turizm və hotelçilik üzrə bəzi universitetlərdə təhsil haqqı 5 min AZN təşkil edir.
"Təsəvvür edin, dövlət bir tələbəyə 20 min pul xərcləyib, daha sonra da onu işsiz qoyur. Bu, sadəcə pulun heyf edilməsi deyil, həm də büdcədən qeyri-düzgün istifadədir", – Abbasov bildirib.
Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi ölkə üzrə orta rəqəmdən 1.7 dəfə yüksəkdir. DSK-nın hesablamasına görə, ölkədə 142 min işsiz gənc var. Başqa sözlərlə, bütün işsizlərin 45 faizi elə 29 yaşınadək gənclərdir. "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" adlı sənədə görə, 15-24 yaş arasında olan hər dörd gəncdən biri nə təhsil alır, nə də işləyir. Hökumət 2030-cu ilədək bu göstəricini 15 faizə endirməyi hədəfləyir.
Nazir də bu məsələyə toxunub
Elm və Təhsil naziri Emin Əmrullayev ötən il deyirdi ki, "tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir". O, əmək bazarı ilə bağlı ciddi elmi tədqiqata ehtiyac olduğunu vurğulayıb: "Mühüm sualların cavabları xoşumuza gəlsə də, gəlməsə də, onlara uyğun cavablar hazırlamalıyıq. Özəl və ya dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını bugünkündən dəfələrlə artırmağa ehtiyac var. Tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir, çünki bilmirlər harada nəyi axtarırlar. Bu mənada işəgötürənlər həmin karyera mərkəzləri ilə daha yaxından işləsələr, biz də Elm və Təhsil Nazirliyi olaraq ona hər cür şərait yaratmağa hazırıq".
Lakin indiyədək nə nazirlik, nə parlament, nə də Nazirlər Kabineti nəinki dövlət sifarişi ilə oxuyan tələbələrin, ümumiyyətlə, heç bir ali təhsil ocağının məzunlarının işlə təminatı barədə təklif irəli sürüb, yaxud qərar imzalayıb.
AzadlıqRadiosu bu məsələyə sözügedən qurumlardan əlavə şərh ala bilməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İş ilə təminatın təhsilə təsiri
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təkcə bu il 50 min plan yerinin 25 mini dövlət sifarişli yerlərdir. Bu da dörd il sonra dövlət büdcəsi hesabına oxuyan 25 min potensial işçi deməkdir. Həmsöhbətimiz deyir ki, Azərbaycanda ali məktəbləri başa vuranların ali məktəbdə aldığı qiymətlər əksər hallarda onların real biliyini əks etdirmir. Onlar işə qəbul olduqdan sonra əmək bazarının tələblərinə cavab vermirlər. Bu da onu göstərir ki, bəzi tələbələr əzbərçiliyə meyllənərək müəyyən bal toplayıb ali məktəbə qəbul olsalar da, əmək bazarında mütəxəssis kimi özlərini doğrulda bilmirlər.
"Sovet dövründə yetərincə zavod, fabrik var idi və ali təhsil alanların sayı isə az idi. Buna görə də tələbələrin təyinat yolu ilə işə qəbulu tam mümkün idi. Hazırda isə bu, yalnız güc strukturu, hüquq-mühafizə orqanlarının akademiya məzunlarına şamil edilir. Digərləri rəqabət mühitində işə götürülür. Ölkədə ali təhsillərin sayı yalnız ümumi əhalinin 17 faizi olsa da, onların hamısının işə təyinatı real görünmür. Həm də dövlət sifarişli təhsil alsalar da, kadrların bilik-bacarığı arasında fərq ola bilər", – deyən ekspert qeyd edir ki, dövlət bu gün 25 min tələbəyə dövlət büdcəsindən pul verib oxudursa, onların iş ilə təminatında maraqlı olmalıdır. O, müəyyən ixtisaslar üçün təyinatların olmasının vacibliyini vurğulayır: "Amma bu təyinatlar zamanı da 600 bal ilə pulluya, 601 bal ilə pulsuza düşən iki eyni bilgili gəncə haqsızlıq edilməsin. Buna görə də xüsusi mexanizmə ehtiyac var".
Əsədov təhsil sektorunun əmək bazarının sifarişlərinə uyğunlaşa bilmədiyini qeyd edir, büdcədən əmək bazarına uyğun ixtisaslara pul ayrılmasını vacib sayır.