Prezident: Əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmasa, sülh müqaviləsi olmayacaq

“Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.

O nitqində Ermənistanla sülh müqaviləsinə də toxunub.

Bu fikirlərə, hələlik, Ermənistan rəsmiləri münasibət bildirməyiblər.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Ermənistan baş naziri Paşinyan bir müddət öncə indiki konstitusiyanı tənqid etmişdi. O, bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Amma Ermənistan müxalifəti dəyişikliyin əleyhinədir.

Buna da bax: Azərbaycan iqtisadiyyatında sıçrayış, yoxsa böhran...

“Vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”

Prezident İlham Əliyev çıxışında həmçinin deyib ki, bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq.

Azərbaycan müxalifəti və bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, İlham Əliyevin 21 illik hakimiyyəti dönəmində vətəndaş cəmiyyətinə böyük basqılar olub.

Onlar həm qanunvericilik sahəsində mənfi dəyişikliklərin olduğunu söyləyir, həm də siyasi həbslərin artdığını deyirlər.

Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Ötən həftə, fevralın 7-də Azərbaycanda Prezident seçkisi keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, İlham Əliyev bütün rəqiblərini qabaqlayaraq səslərin 90 faizindən çoxunu qazanıb.

Buna da bax: Paşinyan deyir ki, Azərbaycanın sülh niyyəti yoxdur

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.