Almaniya 2 min 400 əfqana viza verib

Əfqanıstandan qayıtmış Almaniya əsgərləri

Almaniya əsgərlərinin sonuncu kontingenti Əfqanıstandan iyunun 29-da çıxıb

Almaniya Əfqanıstanda bu ölkənin qüvvələrinə kömək etmiş əfqan işçilərə indiyədək 2 min 400 viza verib. Açıqlamanı Xarici İşlər Nazirliyinin sözçüsü verib.

Almaniya əsgərlərinin sonuncu kontingenti Əfqanıstandan iyunun 29-da çıxıb. Beynəlxalq qüvvələr 20 ildən sonra ölkəni tərk edirlər.

Buna da bax: Taliban Əfqanıstanın şimalında irəliləyir

Öhdəlik

Müdafiə naziri Anneqret Kramp-Karrenbauer apreldə deyib ki, Almaniyanın özlərini riskə ataraq alman qüvvələrə kömək etmiş, indi qorumasız qalanları tərk etməmək “öhdəliyi” var.

Əsgərlər çıxanadək 446 yerli işçi və onların qohumlarına – ümumilikdə 2 min 250 nəfərə səyahət sənədi verilib. Müdafiə Nazirliyinin sözçüsü Deyvid Helmboldun iyulun 5-də deməsinə görə, o zaman müraciətlərin “az hissəsi” açıq qalmışdı.

Helmbold deyir ki, səyahət sənədləri əldə edənlərin heç də hamısı Əfqanıstandan dərhal çıxmaq istəməyiblər.

“Xeyli sayda yerli köməkçi mümkün qədər uzun müddətə Əfqanıstanda qalmaq istədiklərini, təhlükəsizlik vəziyyəti pisləşərsə çıxacaqlarını deyiblər”, – o, jurnalistlərə söyləyib.