Almaniya Cəmşid Şərməhdin edamına cavab olaraq İranın Frankfurt, Münhen və Hamburqdakı konsulluqlarını qapadacaq. Almaniya xarici işlər naziri Annalena Berbok oktyabrın 31-də belə deyib. Edam edilən şəxs həm İran, həm də Almaniya vətəndaşı olub.
"Dəfələrlə və aydın şəkildə söyləmişik ki, Almaniya vətəndaşının edam edilməsi ciddi fəsadlara yol açacaq", - Berbokun sözləridir. O, ölkəsinin İrandakı səfirini məsləhətləşmələrə, Almaniyanın etirazını çatdırmaq üçünsə İranın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Sözügedən konsulluqların Almaniya vətəndaşlığı olmayan 32 əməkdaşı ölkəni tərk etməlidir. Qərar Berlindəki səfirliyə aid deyil.
Berbokun iranlı həmkarı Abbas Əraqçi Almaniya vətəndaşlığının heç kəsi toxunulmaz etmədiyini deyərək qərarla bağlı etirazını bildirmək üçün Almaniyanın İrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
İranın hökümətyönlü mediasında Şərməhdin terror hücumları ilə bağlılığına görə edam edildiyi bildirilib.
Almaniya kansleri Olaf Şolts bu edam olayını İran hökuməti üçün "qalmaqal" adlandırıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qurumun cavab tədbirləri üzərində düşündüyünü bildirib.
Edamı ədalətsiz sayan ABŞ "İran rejimini məsuliyyətə cəlb etmək" istəyində digər ölkələrlə həmrəy olduğunu diqqətə çatdırıb.
Xatırlatma
69 yaşlı Şərməhd İranda şahpərəst qrupa rəhbərlikdə suçlanıb. Rəsmi Tehranın iddiasına görə, o, 2008-ci ildə Şirazda baş verən partlayışı və digər terror olaylarını planlaşdırıb. Şirazda dini mərasim zamanı partlayışda 14 nəfər ölmüş, 200-dən çox adam yaralanmışdı.
Şərməhdin ailəsi ittihamları rədd edir və onları "absurd" adlandırıb.