Almaniya hökuməti iyulun 24-də bildirib ki, Hamburqda mənzillənən, İran rəhbərliyinin ideologiyasını yaymaqda, Livanın "Hizbullah" silahlı qruplaşmasını dəstəkləməkdə ittiham olunan təşkilatı qadağan edib. Polisin ölkə boyunca 53 yerdə reydlər keçirdiyi xəbər verilir.
Qadağan olunan təşkilatlar Hamburq İslam Mərkəzi (IZH) və Almaniyada daha beş altqurumdur. Noyabrda həmin təşkilatlarda axtarışlar aparılmışdı.
Daxili işlər naziri Nensi Fezer deyib ki, təhqiqat zamanı yığılmış sübut-dəlil "ciddi şübhələri o dərəcədə təsdiqlədi ki, bu gün qadağanı elan etdik".
Almaniyaya "islam inqilabı" gətirmək istəyir
"IZH Almaniyada islamçı-ekstremist, totalitar ideologiyanı yayır, özü və altqurumları isə "Hizbullah" terrorçularına dəstək verir, aqressiv antisemitizmi təbliğ edir", - Fezer bəyanatında vurğulayıb.
Nazirlik IZH-in "İranın ali dini liderinin birbaşa təmsilçisi" olaraq islam inqilabının ideologiyasını aqressiv və silahlı yolla yaydığını, Almaniya Federativ Respublikasına belə bir inqilab gətirmək istədiyini bildirir.
1962-ci ildə təsis olunmuş təşkilatın üzvlərinin və tərəfdarlarının sayına dair etibarlı rəqəmlər yoxdur. İllərdir onu qadağan etməklə bağlı çağırışlar səslənir.
IZH ötən payız bildirmişdi ki, "zorakılıq və ekstremizmin istənilən formasını pisləyir, daim sülh, dözümlülük, dinlərarası dialoqu təşviq edib".
Dörd şiə məscidi də qapadılır
Nazirlik bu qadağadan dolayı Almaniyada dörd şiə məscidinin də qapadılacağını bəyan edib. IZH-in aktivləri də müsadirə olunur.
"Hizbullah" Almaniyada qadağan edilib. İranın dəstəklədiyi bu qruplaşma və İsrail ötən ilin oktyabrda İsrail-HƏMAS müharibəsindən bəri, demək olar, hər gün atışır.
Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.
İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 38 min nəfərin həlak olduğu xəbər verilir.