Almaniya martın 3-də Rusiyanı məxfi söhbəti sızdırmaqla parçalanma yaratmaq cəhdində ittiham edib. Sızdırılan söhbətdə Almaniya ordusunun yüksək rütbəli zabitləri Ukraynanın Almaniya istehsalı "Taurus" raketlərindən mümkün istifadəsini müzakirə ediblər.
Səs yazısını ilk dəfə dövlət nəzarətində olan RT media qrupunun baş redaktoru Marqarita Simonyan yayıb. O, 38 dəqiqəlik konfrans zənginin səs yazısını necə əldə etdiyini açıqlamayıb.
Ukrayna Almaniyadan "Taurus" raketləri istəyir. Bu raketlərlə 500 km-lik məsafəni hədəfə almaq olar.
Səs yazısının həqiqiliyi təsdiqlənib
Almaniyanın Müdafiə Nazirliyi martın 3-də Hərbi Hava Qüvvələrinə aid söhbətin sızıldığını təsdiqləyib. Nazirliyin sözçüsü deyib ki, sosial mediada yayılan versiyaya hansısa dəyişikliyin olunduğunu indi əminliklə deyə bilməzlər.
Müdafiə naziri Boris Pistorius səs yazısının yayılma vaxtının təsadüfi olmadığını söyləyib.
"Bu səs yazısından sabitsizlik, çaşqınlıq yaratmaq istəyirlər", - Pistorius martın 3-də Berlində mətbuat konfransında deyib.
"Bu, (Rusiya prezidenti Vladimir) Putinin apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Bununla bağlı qətiyyən şübhə yoxdur. Dezinformasiya məqsədli hibrid hücumdur. Bölücülük yaratmaq niyyəti güdür. Qətiyyətimizi sarsıtmağı hədəfləyir", - o vurğulayıb.
Pistorius onu da qeyd edib ki, Almaniya Putinin siyasətinə boyun əyməyəcək, reaksiya "soyuqqanlı, amma qətiyyətli" olmalıdır.
Nazir qərar vermək üçün hərbi təhqiqatın nəticəsini gözləyəcəyini bildirib.
Səs yazısında Almaniya ordusunun "Taurus" qanadlı raketlərinin Ukraynaya verilməsi barədə qərar olarsa, bunu texniki baxımdan necə edəcəyi detallı müzakirə olunur.
Krım körpüsü
Kansler Olaf Şolts raketləri göndərməkdən imtina edir, bunun konflikti genişləndirəcəyindən, Almaniyanı müharibəyə daha çox cəlb edəcəyindən, Rusiyanın nüvə silahına əl ata biləcəyindən ehtiyatlanır.
Söhbətdə "Taurus" raketlərinin Rusiyanı 2014-cü ildə tutduğu Krım yarımadası ilə bağlayan körpünü texniki baxımdan necə dağıdacağı müzakirə edilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 2-də deyib ki, səs yazısı Ukrayna və tərəfdarlarının kursunu qətiyyən dəyişmək istəmədiyini, cəbhədə Rusiyaya strateji zərbə vurmaq istədiyini göstərir.
Keçmiş prezident, Təhlükəsizlik Şurası başçısının müavini Dmitri Medvedev isə daha da uzağa gedərək deyib ki, Almaniya Rusiya ilə müharibəyə hazırlaşır.
Britaniyanın Ukraynada "adamlarının olması"
Almaniya ordu zabitlərinin müzakirəsində uzaqmənzilli SCALP və "Storm Shadow" raketlərindən də danışılır. Fransa və Britaniyanın Kiyevə verdiyi bu raketlərlə 250 km-dək məsafəni vurmaq olar.
Səs yazısında "Storm Shadow" ilə əlaqədar Britaniyanın Ukraynada "adamlarının olması" kimi informasiya da yer alır. Britaniya isə indiyədək bu raketlərin istifadəsində birbaşa iştirakı olmadığını bildirib.
Şolts martın 2-də deyib ki, insident dərhal aydınlaşdırılacaq, bunu "çox ciddi məsələ" adlandırıb. Martın 3-də Almaniya parlamentinin üzvləri məsələ ilə bağlı tələblər səsləndiriblər. Bir tələb ordu liderlərinin qorunan kommunikasiyalarla bağlı təlim keçməsidir.
Dpa mənbələrə istinadla yazır ki, zabitlər şifrəli xətdən istifadə etmədiyi üçün müzakirə gizli yazılıb. Mənbələrə görə, danışıqlar ABŞ-ın "Cisco" texnologiya nəhənginin hazırladığı "Webex" konfrans platformasına aparılıb.