Almaniya məcburi köçkünlərə kömək məqsədilə Ukraynaya 200 milyon avro ayırır.
Bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şulze məlumat verib.
Onun sözlərinə görə, saziş sentyabrın 4-ü -bazar günü Berlinə gələcək Ukraynanın baş naziri Denis Şmıxalla imzalanacaq.
Şulze hesab edir ki, beynəlxalq dəstək olmadan Ukrayna öz evlərini tərk etməyə və ölkənin daha təhlükəsiz bölgələrinə köçməyə məcbur olan vətəndaşlarına lazımi sosial müavinətləri tam təmin edə bilməz. O, həmçinin digər ölkələri müharibə edən Ukrayna ilə həmrəyliyi zəiflətməməyə və ona kömək etməyə çağırıb.
Buna da bax: Priqojinin Ukraynada döyüşməyə yüzlərlə məhbus cəlb etdiyi deyilirBMT-nin məlumatına görə, Ukraynada 7 milyona yaxın vətəndaş məcburi köçkün vəziyyətinə düşüb. Onlar daha çox ölkənin döyüşlərin getdiyi şərq və cənub-şərq bölgələrindən Ukraynanın daha təhlükəsiz bölgələrinə köçənlərdir.
Statistik məlumatlara görə, həmin ailələr demək olar ki, gəlirlərinin yarısını itirib.
Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından indiyə qədər ölkə sakinlərinin təxminən üçdə biri evlərini tərk etmək məcburiyyətində qalıb.
BMT baş verənləri İkinci Dünya Müharibəsindən bəri ən böyük miqrasiya böhranı hesab edir.
Buna da bax: Ukraynada müəllimə: ‘Məktəblə birgə ruhum da yanırdı’