Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) Ukraynaya hücum olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların hazırlanmasını yekunlaşdırır.
Bu barədə Reuters yazır. Agentliyin məlumat aldığı mənbələrin dediyinə görə, bəzi istisnalarla məhdudiyyətlər Sberbank və VTB-yə təsir edə bilər.
Rusiyanın SWIFT-dən ayrılması nəzərdə tutulmur. Agentliyin həmsöhbətləri Avropa ölkələrinin bu tədbirə qarşı çıxdığını iddia edirlər.
Kreditorlar milyardlarla dollar borclarını qaytarmayacaqlarından qorxurlar. Bundan əlavə, müdafiə və texnologiya sahəsində ixracla məşğul olan Rusiya müəssisələri də məhdudiyyətlərə məruz qala bilər.
Buna da bax: Bayden Polşaya 3 min əsgər göndərir və Putinlə danışmağa hazırlaşırBunun fonunda ABŞ, xüsusən də çip istehsalçılarına Rusiyadan yarımkeçiricilər üçün materialların tədarükündə mümkün fasilələr barədə xəbərdarlıq edib.
Məlumatlada o da vurğulanır ki, Ağ Ev Kremlə qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Amerikalı senator Ceyms Lankford “Rusiya təcavüzünə” şərait yaratdığına görə həm də Belarus və digər ölkələrə qarşı sanksiyalar təklif edib. Güman edilir ki, bu sanksiyalar Minski Rusiyanın Ukraynaya müdaxiləsi üçün Belarus ərazisindən istifadə etməkdən çəkindirəcək.
Ötən ilin payızından Qərb ölkələri Rusiyanın Ukrayna ilə sərhəddə canlı qüvvə və hərbi texnika cəmləşdirdiyini və bununla Rusiyanın bu ölkəyə real işğalı təhlükəsi olduğunu bəyan edirlər.
İddialara görə, artıq 120 minə yaxın Rusiya əsgəri Ukrayna ilə sərhədlər yaxınlığında cəmləşib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Moskva çox yaxın vaxtlarda hücuma keçə bilər.
ABŞ və Avropa İttifaqı Ukraynaya hücum olacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyib.
Moskva işğal planları iddiaları ilə bağlı deyilənləri rədd edir və qoşunların hərəkətinin təlimlərlə bağlı olduğunu bildirir.
Gərginlik fonunda Rusiya ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti tələb edir. Qərb diplomatları irəli sürülən tələbləri həyata keçirilməz adlandırır, hələlik heç bir razılıq əldə olunmayıb.
Buna da bax: Martın 12-də Türkmənistanda növbədənkanar prezident seçkiləridir