Birləşmiş Ştatlar Özbəkistan pambığını ABŞ-a gətirilməsi qadağan edilən malların siyahısından çıxarıb. Bu qadağan Özbəkistanda pambıqçılıqda uşaq əməyinin istismar olunması ilə bağlı qoyulmuşdu.
Özbəkistan Xarici İşlər Nazirliyi bu qərarı 27 mart tarixli bəyanatı ilə alqışlayıb və deyib ki, beləliklə Vaşinqton 2010-cu ildən bəri qüvvədə olan qadağanı qaldırıb.
ABŞ Əmək Nazirliyi martın 25-də Federal Reyestrdə etdiyi qeyddə bildirir ki, Özbəkistan pambığı ölkəyə gətirilməsi qadağan edilmiş malların siyahısından çıxarılır. Bu siyahıya “uşaq əməyi ilə çıxarıldığı, emal və ya istehsal edildiyi düşünülən mallar” daxil edilir.
Buna da bax: ABŞ Türkmənistan pambığının idxalına qadağan qoyurHəmin qeyddə bu da bildirilir ki, Əmək Nazirliyi, Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyi müvafiq baxışdan sonra “Özbəkistanda pambıq yığımında uşaq əməyindən istifadənin ayrı-ayrı əlaqəsiz insidentlər səviyyəsində əhəmiyyətli şəkildə azaldıldığı nəticəsinə gəliblər”.
Uzun illərdir ki, insan haqları təşkilatları Özbəkistanı pambıq yığımında uşaq əməyinin istismarına görə tənqid edirdilər. Pambıq Özbəkistanın ən böyük ixracat məhsuludur.
2018-ci ilin mayında prezident Shavkat Mirziyoevin hökuməti uşaq əməyindən istifadədəyə tamamilə son qoyulmasına dair fərman verib.
Buna da bax: Özbəkistan hökuməti məcburi əməyi ləğv edir2016-cı ildə ölkənin repressiv lideri İslam Karimov vəfat etdikdən sonra hakimiyyətə gələn Mirziyoev bir sıra mütərəqqi islahatlara başlayıb və prosesin davam etdiriləcəyini vəd edib.
O uşaq əməyinin istismarı məsələsinə hətta BMT Baş Assambleyasındakı çıxışında da toxunub.
Özbəkistan dünyanın beşinci ən böyük pambıq istehsalçısıdır. O pambığın 60 faizini Çin, Banqladeş, Türkiyə və İrana ixrac edir.
Özbəkistan pambıq ixracından ildə 1 milyard dollar gəlir götürür. Bu, ölkənin bütün daxili məhsulunun 25 faizi deməkdir.