"Amnesty International" insan haqları təşkilatı Azərbaycanda növbədənkənar parlament seçkiləri kampaniyası dövründə jurnalistlərin və fəalların həbsi ilə bağlı bəyanat yayıb. Təşkilatın Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalia Nozadze deyib: "Hökumətin tənqidçilərini hədəfə alan yeni həbslər təlaş yaradır və diqqətdən kənar qala bilməz. Beynəlxalq ictimaiyyət baş verənləri mümkün ən güclü ifadələrlə pisləməlidir. Son iki həftədə, seçki kampaniyası dövründə iki tanınmış xadim şübhəli ittihamlarla saxlanılıb, digərləri təhdid edilib, qısnama ilə üzləşib".
"Jurnalistlərin və fəalların, özəlliklə də Ermənistanla sülhü təbliğ edənlərin hədəfə alınması narazıları susdurmaq, ifadə azadlığını boğmaq cəhdindən başqa bir şey deyil", – Nozadze sözlərinə əlavə edib.
Bəyanatda deyilir ki, Azərbaycan bu ilin noyabrında COP29 iqlim tədbirinə ev sahibliyinə hazırlaşır və dünya liderlərinin hökumətdən davam edən insan haqları pozuntularına görə hesabat istəməsi vacibdir.
"Yalnız insan haqlarından istifadə etdiyinə görə saxlananların hamısının dərhal və qeyd-şərtsiz buraxılmasına çağırırıq. Azərbaycan həmçinin bu yaxınlarda imzaladığı COP29 Ev Sahibi Ölkə Sazişini dərc etməlidir", – bəyanatda vurğulanır.
Seçki bitdi, daha öncə baş verənlər
Beynəlxalq müşahidəçilər 1 sentyabr seçkisinin "məhdud siyasi və hüquqi mühitdə" keçirildiyini deyiblər. Hakimiyyət təmsilçiləri isə bu seçkini "milli demokratiyanın yeni səhifəsi" adlandırır.
Bəhruz Səmədov avqustun 23-də dövlətə xəyanət ittihamı ilə saxlanılıb. Özü ittihamı qəbul etmir. "Amnesty International" onun Azərbaycanın Qarabağ siyasəti barədə tənqidi məqalələri və ermənistanlı fəallarla əlaqələrinə görə həbs olunduğunu yazır.
İyulda isə talış hüquqları fəalı İqbal Əbilov dövlətə xəyanət ittihamı ilə həbs olunub. O da ittihamı qəbul etmir.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir. Amma ötən ilin noyabrından bəri 20-yə yaxın araşdırmaçı jurnalist, fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Yerli və beynəlxalq insan haqları təşkilatları bu həbsləri ölkədə tənqidçi səslərin susdurulması niyyəti güddüyünü deyirlər.