“Amnesty İnternational” hüquq müdafiə təşkilatının Ukrayna hərbçilərinin yaşayış binalarında, məktəblərdə və xəstəxanalarda silah yerləşdirməsi ilə bağlı hesabatı beynəlxalq ekspertlər tərəfindən yoxlanılacaq.
Almaniyanın "Deutsche Welle" radiosunun məlumatına görə, bununla hüquq müdafiəçiləri hesabatın niyə mənfi reaksiya doğurduğunu öyrənmək niyyətindədirlər.
"Biz insan hüquqları sahəsində işimizi yaxşılaşdırmaq üçün nəyin və niyə səhv olduğunu bilmək istəyirik", - deyə təşkilat bildirib.
“Amnesty İnternational” hesabatın Rusiya təbliğatının istifadəsini pisləyib və hesabatla bağlı press-relizdə “Rusiya təcavüzünə lazımi diqqət yetirilmədiyinə” təəssüfləndiyini bildirib.
Avqustun 4-də yayılan hesabatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalını dəf etmək cəhdi ilə yaşayış məntəqələrində, o cümlədən məktəblərdə və xəstəxanalarda bazalar yaradaraq və silah yerləşdirməklə mülki əhalini təhlükə altına qoyur.
Hesabatdakı məhz bu hissə Kiyevin tənqidinə səbəb olub. Ukrayna prezidenti Volodimir Zelenski sözügedın hesabatı hüquq müdafiəçilərinin məsuliyyəti Rusiyadan Ukraynaya keçirməyə çalışdığı “əxlaqsız nümunə” adlandırıb.
Buna da bax: 'Amnesty International'ın Ukrayna ofisinin rəhbəri hesabata etiraz olaraq istefa veribBeynəlxalq insan haqları təşkilatının rəhbəri Agnes Callamard etirazlara cavab olaraq bildirib ki, tənqidlər "Amnesty İnternational" təşkilatının “qərəzsizliyini zəiflətməyəcək” və “faktları dəyişməyəcək”.
Kalamar aydınlaşdırıb ki, nəticələr ciddi standartlara uyğun olaraq, araşdırmalar zamanı toplanmış sübutlara əsaslanıb.
Hesabatın hazırlanmasında iştirak etmədiyini bildirən təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk etiraz olaraq "Amnesty İnternational"ı tərk etdiyini bəyan edib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.