Anar Bağırov: '50 min nəfərə 2-3 vəkil düşür'

A.Bağırov

Avropa Şurası və Avropa İttifaqının son üç il ərzində Azərbaycanda həyata keçirdiyi «Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq» proqramı çərçivəsində xərclənmiş 5.2 milyon avrodan vəkilliyə də pay düşüb. Ancaq yerli və beynəlxalq insan haqları müdafiəçiləri özəlliklə son bir ildə Azərbaycanda vəkilliyin vəziyyətinin daha da pisləşdiyini, müstəqil vəkillərin təzyiqlərlə üzləşdiyini bəyan edir. Məsələn, 2017-ci ilin noyabrından bu yana vəkillik fəaliyyəti dayandırılanların sayı əvvəlki illərin uyğun dövrü ilə müqayisədə rekord həddə çatıb. Cəzalandırılanların da çoxu ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkillər olub.

AzadlıqRadiosunun əməkdaşı proqram üzrə illik Əməkdaşlıq Görüşündə iştirak edən Vəkillər Kollegiyasının sədri Anar Bağırovla müsahibəyə də elə bu məsələdən başlayıb:

– Sizin söylədiklərinizlə razılaşa bilmərəm. Azərbaycanda 1500-ə qədər vəkil var və hüquqi yardıma ehtiyacı olan şəxs üçün istənilən sayda vəkil tapmaq mümkündür. Heç kim deyə bilməz ki, vəkil qıtlığı var. Mən vəkillərin kateqoriyalara bölünməsinin, onların bəzilərinin cəmiyyətə insan hüquqlarının müdafiəçisi kimi, bəzilərinin isə əksinə təqdim olunmasının əleyhinəyəm. Vəkillərin hamısı peşəkar şəkildə insan hüquqlarını müdafiə edənlərdir. Kollegiyanın sədri kimi, bütün vəkillərə də eyni cür yanaşır, eyni münasibəti göstəririk. Təbii ki, qanunu, etik davranış qaydalarını pozan vəkillərə qarşı da intizam tənbehləri tətbiq olunur. Bütün ölkələrdə bu var, Azərbaycan da istisna deyil. Azərbaycan bu gün regionda yeganə ölkədir ki, heç bir vəkilə qarşı cinayət təqibi yoxdur. Fəaliyyətinə görə nə bir vəkil həbs olunub, nə də barəsində cinayət işi başlanıb. Region ölkələrində isə belə problemlər var.

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkil olmaq istəyənlərin idealları-Sorğu

«O 50 min nəfər vətəndaş deyil»

– Özünüz də etiraf etmişdiniz ki, müvəkkilinin hüquqlarını başqa maraqlara qurban verən vəkillər var, onlara dustaqlar da öz aralarında kobud şəkildə «paykovoy vəkillər» deyirlər. Hələ Rəyasət Heyəti sədrliyinə namizəd olduğunuz zaman belələrinə qarşı mübarizə aparacağınızı demişdiniz. Belə vəkillərdən bu gün də yetərincə şikayətlər var...

– Son 10 ay ərzində formal vəkilliyə görə kifayət qədər vəkilləri cəzalandırmışıq. Buna görə bir neçə vəkilin fəaliyyəti dayandırılıb, hətta xaric olunması barədə iddia qaldırılan vəkillər də var. Sadəcə, biz bütün adları açıqlamırıq. Onlar özləri də səhvlərini anlayıb bəyanat vermirlər, heç nə demirlər. Yəni biz bu problemi bilirik və ona qarşı ciddi mübarizə aparırıq. Hesab edirəm ki, son 10 ay ərzində görülən ardıcıl işlərin məqsədi də məhz formal vəkilliyə son qoymaqdır. Əvvəlki dövrdən fərqli olaraq, indi biz bütün respublika üzrə hər ay üçün növbətçilik siyahıları tərtib edirik və bütün istintaq, təhqiqat orqanlarına onları göndəririk. Bizdən əvvəlki dövrdə bilirsiniz nə baş verirdi? Qurumlar özləri kimi istəyirdi yazırdı, bəzən eyni vəkil aylarla növbətçilik çəkirdi. İndi isə bütün vəkillər növbətçiliyə cəlb olunurlar. Dövlət hesabına növbətçilik siyahısı üzrə hər gün fərqli vəkil növbətçi olur. Biz bu məsələyə nəzarət edirik, hətta yoxlayırıq ki, siyahını pozmasınlar. Əvvəl bəzi hallarda vəkil qurumlarının rəhbərləri siyahını pozub təyinatlı işlərə özləri çıxırdılar. Mən demirəm, problemə son qoymuşuq. Təbii, bunun üçün vaxt lazımdır. Ancaq əminəm ki, buna nail olacağıq. Bizim üçün ən ciddi problemlərdən biri regionlarda vəkillərin sayının azlığıdır. Elə rayonumuz var, 50 min əhalisinə 2-3 vəkil düşür. O 50 min nəfər vətəndaş deyil? Onların hüquqi yardıma çatımlığı yoxdur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Məhkəmələrdə sizi nə qane etmir?

«Vəkillərin yükü 30 faiz artıb»

– Nümayəndəlik institutunun məhdudlaşdırılmasından sonra aztəminatlı vətəndaşlar mülki qaydada məhkəmələrə müraciət üçün hüquqi yardım məsələsində ciddi çətinliklərlə üzləşiblər. Siz özünüz də AzadlıqRadiosuna bu problemi etiraf etmişdiniz. O vaxtdan bu yana hansısa addımlar atmısınızmı? Məsələn, hökumətə bu barədə təklifləriniz olubmu?

- Həqiqətən belə problem var və onun kökündə dayanan budur ki, bizim qanunvericilikdə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarına müraciət üçün dövlət hesabına vəkil xidməti nəzərdə tutulmayıb. Amma aztəminatlı vətəndaşlar hüquqi yardım üçün bizə müraciət edəndə qanunda nəzərdə tutulmamasına baxmayaraq, vəkillərimiz könüllü şəkildə, ödəniş olmadan belə işlərə çıxırlar. Biz vəkillərdən xahiş edirik ki, vətəndaşlar yazıqdır, onların hüquqi yardıma ehtiyacı var. Kim bizə müraciət edibsə, onu təmin etmişik. Halbuki, bunu biz etməməliyik. Nazirlər Kabineti dövlət hesabına hüquqi yardımla bağlı müvafiq qərarına dəyişiklik etməlidir. Birinci və apellyasiya instansiya məhkəmələrinə müraciət üçün də dövlət hesabına hüquqi yardım nəzərdə tutulmalıdır. Biz bununla bağlı bir sıra dövlət orqanlarına təkliflər göndərmişik. Əslində, başqa ölkələrdə də dövlət hesabına hüquqi yardım əsasən cinayət işləri üçün nəzərdə tutulub. Ancaq hesab edirik ki, dövlət vətəndaşların maraqlarından çıxış edirsə, bunu nəzərə alıb məsələ həllini tapmalıdır.

– Nümayəndəlik institutunun məhdudlaşdırılmasına qədər və bu gün hər 1000 məhkəmə işinə düşən vəkillərin sayı arasında fərq varmı? Ümumiyyətlə, say nə qədərdir?

– Nümayəndəlik institutunun məhdudlaşdırılmasıyla bağlı qanun layihəsinin müzakirəsi zamanı fikirlər səslənirdi ki, vəkil çatışmazlığı, növbələr yaranacaq. Tam məsuliyyətimlə deyirəm, vəkillər onların üzərinə düşən işləri görürlər. Mən elə bir ajiotaj görmürəm, növbələr də yoxdur. Vəkillərin yükü təxminən 30 faiz artıb. 2017-ci ildən öncə ölkə üzrə ümumiləşdirmə aparılmırdı. Biz bu gün deyə bilmərik ki, 2015-2016-cı illərdə vəkillər nə qədər işlərə çıxıblar. Vəkillərin bu il ərzində neçə işə, hansı kateqoriyadan olan işlərə, təyinatla, yoxsa müqaviləylə çıxması və s. göstəriciləri əks etdirən hesabatı ilin sonunda açıqlayacağıq.